“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə saylı günlər qalıb. Artıq iki ildir ki, hər bir bayramı, tarixi günləri zəfər ovqatında qeyd edir, möhtəşəm qələbəmizin qarşıdakı dövrdə qalib Azərbaycanın qarşısında açdığı imkanlardan qürurla bəhs edirik.
Hər bir bayram, eyni zamanda, keçilən yolun təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün bir çağırışdır. Məhz arxada qalan illərin uğurlarından bəhs edərkən bu fikri böyük inam və qürur hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyev yalnız müstəqilliyimizin əbədiliyini təmin etmədi, eyni zamanda, xalqımızı beynəlxalq aləmdə vahid amal, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını yaratdı. Ulu Öndər bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vahid ideya ətrafında sıx birləşməlidirlər. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi: “Yaradılan möhkəm təməl əsasında əminliklə qeyd edirik ki, dünyada güclü Azərbaycan diasporu formalaşıb, ölkəmizin daha da qüdrətlənməsinə öz davamlı töhfələrini verməyə səy göstərirlər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncam əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğunda yeni mərhələnin əsasını qoydu. Hər beş ildən bir keçirilən qurultaylar müasir müstəqil Azərbaycanın uğurlarının, həqiqətlərimizin dünyaya təqdimatında öz sözünü deyir. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində özünün aydın ifadəsini tapdı. Vətən müharibəsi dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümüdür. Belə ki, xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu".
“Ötən il dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində bu inamı ifadə etdi ki, 2022-ci il də tariximizə uğurlu il kimi yazılacaq. Ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı təmin edəcək. Cənab İlham Əliyevin cari ili “Şuşa İli” elan etməsi özündə bütün məqamları ehtiva edir. 2022-ci il yalnız Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada deyil, işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə davamlı səfərlərinin hər biri Böyük Qayıdışın daha da sürətlənməsinə xidmət edən addımlarla yadda qaldı. Bu il Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, rayonun Ağalı kəndi ilk “ağıllı kənd” kimi sakinlərini qarşılayaraq Böyük Qayıdışın ilk addımı atıldı. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa siyasi, iqtisadi, diplomatik mərkəzə çevrildi, əməkdaşlıq imkanlarımızın genişlənməsinə xidmət edən sənədlərin imzalanmasına şahidlik etdi. Şuşa, eyni zamanda, 30 ildən sonra dünya azərbaycanlılarını bu məkanda bir araya gətirərək birliyimizi, həmrəyliyimizi bir daha dünyaya nümayiş etdirdi. Tarixə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı kimi yazılan V Qurultayda postmünaqişə dövründə xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan vəzifələr müzakirə edildi, fəaliyyət planı, yol xəritəsi təqdim olundu. Dövlət başçısı İlham Əliyevin həmin qurultaydakı çıxışında söylədiyi “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!” fikirləri dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin ümumiləşdirilmiş ifadəsi oldu”, - deyə deputat bildirib.
Anar