Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 8.5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsidə "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb. Ardıcıllığa uyğun olaraq yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1.5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa edilib.
Layihə çərçivəsində yolun 1.5 km-lik Bankə–Beştalı ərazisində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir olunub. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
Layihənin icrası 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatı daha da inkişaf edəcək.
Sevinc