Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik ünvanlayıb.
Newscenter.az AVP sədrinin təbrik mesajını təqdim edir:
Dəyərli həmvətənlər!
Sizi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, əmin-amanlıq, ailə xoşbəxtliyi və fəaliyyətinizdə uğurlar arzulayıram.
Yola saldığımız 2022-ci ildə dövlətimiz və xalqımız üçün əlamətdar oldu. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızın bərpası və quruculuq işləri uğurla davam etdi və bu baxımdan ciddi addımlar atıldı. Qısa zaman kəsiyində böyük sürətlə yeni infrastruktur yaradıldı, Zəngilanda Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğan və Cənab Prezident İlham Əliyev tərəfindən Hava Limanının təntənəli açılışı oldu. Zəngilanın Ağalı kəndinə soydaşlarımızın qayıdışının sevincini yaşadıq.
Azərbaycanın süverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına hədəflənən diplomatik gedişlərlə Brüssel və Praqada mühüm irəliləyişlərə nail olduq. Vandal separatçıların təbii sərvətlərimizin talan edilməsinə qarşı hələ də davam edən ictimai fəalların unikal hərəkatı Xankəndi və onun ətrafındakı ərazilərimizdə suverenliyimizin təmin olunmasına əhəmiyyətli töhfələr verməkdədir. Əminəm ki, 2023-cü ildə seperatçı toplumun tör-töküntülərinin ölkəmizdən çıxarılması başa çatacaq və bütün Qarabağ bölgəsində üçrəngli bayrağımız dalğalanacaqdır.
Əziz həmvətənlər!
Bir daha Sizi, əlamətdar günlər münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafında və güclənməsində verəcəyiniz töhfələrdə uğurlar diləyirəm.
Fəzail Ağamalı,
Milli Məclisin deputatı
Ana Vətən Partiyasının sədri