Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmrəyliyimiz və vəhdətimiz sayəsində hələ çox uğurlara imza atacağıq

Həmrəyliyimiz və vəhdətimiz sayəsində hələ çox uğurlara imza atacağıq


Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına təbrik müraciəti ünvanlayıb.

Bu barədə Newscenter-az-a MHP mətbuat xidməti məlumat daxil olub.

Təbrik müraciətində deyilir:

“Dəyərli soydaşlar!

Sizi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin gəlişi münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gündəlik həyatınızda və işlərinizdə uğurlar arzulayıram.

Bizim böyük, ulu bir xalq olaraq müstəqillik dönəmində çox gözəl bir ənənəmiz yaranıb. Son 30 illik dönəmdə biz hər ilin sonuncu gününü milli həmrəylik, birlik və bərabərlik bayramı kimi qeyd edirik. Bu, çox möhtəşəm bir hadisədir. Beləliklə, biz hər il könüllü surətdə milli birlik testindən keçir, həmrəylik əzmimizi yeniləyir, gələcək ümummilli hədəflərimiz naminə toparlanır, səylərimizi birləşdiririk. Bəli, Həmrəylik Günü bizi birləşdirən dəyərlərdən birinə çevrilib.

Sevindirici haldır ki, xalqımızın ruhundakı həmrəylik, vəhdət meylləri dövlətimiz və dövlət başçımız tərəfindən də müsbət qarşılanır, Azərbaycan Respublikasının hüdudlarından kənarda, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqq və hüquqlarının dəstəklənməsi dövlətimiz üçün prioritet istiqamətlərdən birinə çevrilir. Bəli, bu gün Azərbaycan Respublikası dünyadakı hər bir soydaşımıza sahib çıxa biləcək bir potensiala sahibdir.

Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında həm Güney Azərbaycan türklərinin təhsil və mədəni haqqlarının təmin olunması məsələsini ardıcıl olaraq gündəmə gətirməsi, həm də Qərbi Azərbaycana – tarixi torpaqlarımıza Qayıdış Konsepsiyasının hazırlanmasına start verməsi milli birlik və həmrəylik əhval-ruhiyyəmizi daha da gücləndirib.

Bizə Zəfər qazandıran 44 günlük Vətən Müharibəsi dönəmində nümayiş etdirdiyimiz möhtəşəm birlik, həmrəylik nümunəsindən sonra Güney azərbaycanlıların hüquqlarının müdafiəsinin və Qərbi Azərbaycana Qayıdış məsələsinin dövlət səviyyəsində dəstəklənməsi bizim son dövrlərdəki ən böyük uğurlarımızdan biri sayıla bilər. Bu mənada, yola saldığımız 2022-ci ili bütün azərbaycanlılar üçün həqiqətən də xeyirli və əlamətdar il hesab etmək olar. Laçın-Xankəndi yolunda Qarabağdakı erməni separatçılarının təbii sərvətlərimizi talan etmələrinə qarşı 21 gündür davam edən ekoaksiya isə həmrəylik və milli birliyimizi keyfiyyətcə yeni müstəviyə qaldırdı.

İndi bizim milli həmrəyliyimiz həm də “yumşaq güc” vasitəmizə çevrilib. İnsanlarımızın ekoaktivistlərə, ictimai fəallara verdiyi kütləvi dəstək həmrəyliyin, vəhdətin nə qədər önəmli, strateji bir güc vasitəsi olduğunu ortaya qoydu. Bu isə bir daha onu göstərir ki, hazırda bir-birini didməyə hazır olan, qarşılıqlı nifrət və münaqişəli vəziyyət həddinə gəlib çatan ermənilərdən fərqli olaraq biz azərbaycanlılar lazım gəldikdə istənilən an bir yumruq kimi bir araya gələ, birləşə bilirik. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə suverenliyimiz bərpa edildikdən sonra bizim gücümüz də, özgüvənimiz də, həmrəyliyimiz də daha da möhkəmlənəcək, sarsılmaz olacaq.

Bir sözlə, biz həmrəylik və vəhdətimiz sayəsində hələ çox uğurlara imza atacağıq. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin davamı olaraq gələcək bütün uğurlarımızın, qələbələrimizin də yolu məhz həmrəyliyimizdən keçir. Həmrəyliyimizin, birliyimizin ən mükəmməl nümunələrini məhz şəhidlərimiz bizə miras qoyublar. Odur ki, bu əziz gündə - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, qalib Ordumuzun əsgər və zabitlərinə, qazilərimizə təşəkkür və şükranlarımızı bildiririk.

Müstəqil Azərbaycanımızın qarşısında hələ çox böyük hədəflər dayanır. Biz böyüməyə, bütövləşməyə və ən güclü dövlətlərdən birinə çevrilməyə məhkumuq. Biz Türk dünyasının güclənməsində də önəmli rol oynayacayıq. Bütün bunlara nail olmağımız isə ilk növbədə həmrəylik hissimizi daim diri saxlamağımızdan asılıdır. Bir millətin həmrəyliyi o millətin qurduğu dövlətin gücünü artırır. Dövlət gücləndikcə isə millət də daha da güclənir. Bunlar bir-birilə qarşılıqlı əlaqəlidir. Təki həmişə bir olaq, güclü olaq. “Biz birlikdə güclüyük” çağırışı qoy həmişə bizi fikirdə, sözdə və işlərimizdə birliyə kökləsin! Həmrəy olaq ki, Bütöv Azərbaycan idealımızı gerçəyə çevirə bilək!

Milli Həmrəylik Partiyasının adından bütün soydaşlarımızı Həmrəylik Günü və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, Vətənimizə uğurlu il və xoş günlər arzulayıram! Bayramlarınız mübarək olsun, dəyərli həmvətənlər!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş