Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üfuqdə Qərbi Azərbaycan görünür

Üfuqdə Qərbi Azərbaycan görünür


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn möhtəşəm bir yeni il - Heydər Əliyev ili münasibətilə başda cənab Prezident və ailəsi olmaqla xalqımızın hər bir fərdini, ələxsus, hər bir şəhid ailəsi və müharibə iştirakçısını təbrik edir, xalqımıza sülh və əminamanlıq, tərəqqi arzulayıram.

Milli təhlükəsizlik konsepsiyası və milli maraqlar fonunda qiymətləndirsək, 2022-ci il Azərbaycan üçün çox uğurlu bir dönəm kimi tarixə düşüb. Bu il həyata keçirilən məqsədyönlü siyasət nəticəsində milli təhlükəsizliyə bütün təhdidlərə münasibətdə effektiv profilaktik tədbirlər həyata keçirilib, bəzi istiqamətləri milli prioritet səviyyəsində təsbit etməklə təhlükəsizlik mühitinin etibarlılığı ən azı bir neçə dekada üçün qabaqcadan təmin olunub.

Fərrux ətrafında uğurlu əməliyyat, avqust və sentyabr aylarında həyata keçirilən cəza tədbirləri, ardınca beynəlxalq müstəvidə baş verənlər Azərbaycanın müharibədən sonra yalnız hərbi gücünün yox, həm də beynəlxalq siyasətdə güc və imkanlarının artığını göstərdi.

Bu il başda qardaş Türkiyə ilə olmaqla bütövlükdə türk dünyası ilə münasibətlərimiz daha da dərinləşdi. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan özündən şərqdə yerləşən bütün qardaş türk dövlətləri üçün ümid qapısıdır.
Beynəlxalq münasibətlərin düyün nöqtəsi sayılan Rusiya-Ukrayna müharibəsində Azərbaycan Prezidenti nəinki qızıl ortanı tapdı, üstəlik zamanında onun uzaqgörənliklə reallaşdırdığı qlobal layihələr, xüsusən şaxələndirilmiş enerji və nəqliyyat siyasəti beynəlxalq böhranı Azərbaycan üçün fürsətə çevirdi. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin həlledici oyunçularındandır.

Bu il həmçinin Rusiya və İranla münasibətlərimiz daha aydın bir məcraya qədəm qoydu. Xüsusən 1828-ci ildən sonra ilk dəfə məhz 2022-ci ildə İranın təhdidləri layiqli formada cavablandırıldı, Tehranın Azərbaycandakı 5-ci kolonuna bərpaolunmaz zərbə vuruldu və tədbirlər davam edir.

Bu il Cənubi Azərbaycandakı 35 milyonluq soydaşımıza rəsmən açıq formada sahib çıxmağa başladıq.
Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı qəbul olundu. Artıq Ağalının timsalında Şərqi Zəngəzura dönüşümüz baş tutub.

Üfuqdə isə Qərbi Azərbaycan görünür, cənab Prezidentin özünün də dediyi kimi, artıq Göyçə gölünü binoklsuz görürük, Zəngəzurdan Naxçıvan dağlarına baxa bilirik.

Bütün bu proseslər asan reallaşmadı, şəhidlər verdik (mən hər bir şəhidimizi ehtiramla anır, ailələrinə baş sağlığı verirəm), gərgin diplomatik təzyiqlərlə üz-üzə qaldıq, amma bu reallığın yaradıcısı cənab İlham Əliyevin iradəsinə kimsə təsir edə, bizi kimsə yolumuzdan döndərə bilmədi. Çünki xalq öz müzəffər Liderini hər qərarında, hər addımında dəstəklədi, ona güvəndi və bu gün də bu inam, etimad milli birliyimizin, həmrəyliyimizin kökündə dayanan əsas amildir.

Əziz soydaşlar, başda təmsil etdiyim qəhrəmanlar diyarı Biləsuvar sakinləri olmaqla bir daha hər birinizi təbrik edir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı ailəsinə xoş günlər, rifah və əbədi həmrəylik, Vətənimiz Azərbaycanın isə Heydər Əliyev ilində Zəfərlərinin davamını, ölkəmizin güclənməsi və çiçəklənməsini arzulayıram!

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş