Məlum olduğu kimi, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi.
Heç şübhəsiz ki, dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Beləliklə qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı.
Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir), Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy, 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan) nəzərdən keçirildi.
Bütün bunlarla yanaşı qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra irad və tənqidlər bildirildi.
Onu da qeyd etmək lazımdır ki, keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı.
Ümumilikdə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif) nəzərə alındı.
Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. Tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndirdilər.
Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni Qanun bir sıra vacib məqamlarla diqqəti xüsusi çəkir. Yeni Qanuna əsasən Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Eyni zamanda, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Bununla yanaşı Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə, irqi, dini və ya etnik düşmənçiliyin salınmasına, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
Eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, Siyasi partiyanın bütün xalqın adından danışması və bütün xalqın adından müraciət etməsi qadağandır.
Həmçinin, siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.
Heç şübhəsiz ki, Qanunda Siyasi partiyaların təsis edilməsi prosesi də tam və geniş şəkildə əksini tapıb. Siyasi partiyalar bu prosedura əməl edərək qeydiyyatdan keçə və Azərbaycanda fəaliyyətlərini davam etdirə bilərlər.
Sonda qeyd etmək lazımdır ki, Proseslərin təhlili bizi qarşıda yeni çağırışların gözlədiyini göstərir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq.
Heç şübhəsiz ki, yeni Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı