“Azərbaycanda ilk “Siyasi partiyalar haqqında” Qanun 31 il öncə qəbul edilib. Bu Qanun heç şübhəsiz ki, həmin dövrün tələblərinə uyğun olsa da, qəbulundan ötən 31 il ərzində sürətlə dəyişən Azərbaycanın yeni siyasi konfiqurasiya tələblərinə artıq cavab vermir. Ona görə də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna zərurət var idi. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğundur, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirir”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, hələ bir müddət öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər:
“Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi. Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. O da qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Yəni, görünən odur ki, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu prosesi tamamilə demokratik mühitdə keçib. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib”.
“Siyasi partiyalar haqqında” Qanun layihəsi sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı, düşmən münasibəti ortaya qoyublar:
“Heç şübhəsiz ki, radikal müxalifət nümayəndələri ölkəmiz üçün müsbət xarakter daşıyan bütün tendensiyalarda “beşinci kolon” rolunu oynayıb, süni ictimai narazılıq mühiti formalaşdırmağa cəhdlər edib. “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı cəmiyyətin ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz deyil. Çünki “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə görə radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə bilməyəcəklər. Çünki onlar vərdişlərindən çəkinmək iradəsinə malik deyillər. Məsələn, “Siyasi partiyalar haqqında” yeni Qanunda göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz. Lakin hər kəs bilir ki, AXCP adlı radikal müxalifət yuvası hər gün bu cür çağırışlar edir, hətta Əli Kərimlinin mühafizəçisi terrorçuluğa dəstək səbəbindən həbsdədir. Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv sayını təmin etməlidir. Bu məsələdə də görürük ki, radikal müxalifət ümidsizdir. Çünki zamanında onların hansısa qrant mənbələri hesabına təşkil etdikləri aksiyalara ən çoxu 500-1000 adam gələrdi. Demək ki, radikal müxalifət reyestr üçün tələb olunan sayı da təmin etmək gücündə deyil. Daha doğrusu, sosial bazası yoxdur. Onu da əlavə etmək lazımdır ki, uzun illərdir AXCP kimi radikal müxalifət qurumları MSK-ya boş hesabatlar verməklə özlərini “qüsursuz” göstərməyə çalışıblar. Bu mənada həm maliyyə, həm də üzvlərlə bağlı hər il “0” hesabatı təqdim edən radikal müxalifət qanunun yeni tələblərini yerinə yetirmək potensialına sahib deyildir. Eləcə də yeni qanunla siyasi partiyaların beynəlxalq təşkilatlar, xarici dövlətlər, xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən maliyyələşdirilməsi də qadağandır. Bəs, görəsən radikal müxalifət bu maddələrlə bağlı nə edə biləcək? Axı, hər kəs bilir ki, onların maliyyəsi xarici mənbələr hesabına formalaşır. Hətta, bir zamanlar AXCP sədrinə Rusiyadan külli miqdarda vəsaitin göndərildiyi bəlli olmuşdu. Eyni zamanda, adı çəkilən partiyanın xanım nümayəndəsi Gürcüstandan Əli Kərimliyə pul daşıyırdı. Yəni, bütün bunlar faktlardır və radikal müxalifətin özünə bəraət qazandıracaq halları mövcud deyildir. O da əlavə olunmalıdır ki, yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaq. Hər dəfə “boykot”la canını seçkilərdə biabır olmaqdan xilas etmiş radikal müxalifət bu məsələdə necə davranacaq? Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun beynəlxalq standartlara cavab verir, siyasi partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli şərait yaradır. Bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı onu xarici təsirlərdən qoruyur, aqressiv, dağıdıcı, radikallar elementlərin formalaşan siyasi konfiqurasiyaya müdaxiləsinə imkan vermir”.
Mehman