Bəşər tarixinin görkəmli qovşağı olan Anadolu, ev sahibliyi etdiyi sivilizasiyaların bənzərsiz xəzinələri ilə zəngin bir coğrafiya kimi seçilir. Köklü tarixi ilə göz qamaşdıran bu diyarda 2022-ci ildə 713 arxeoloji fəaliyyətlə 10.500-ə yaxın əsər üzə çıxarılıb.
Newscenter.az xəbər verir ki, dünyanın ən qədim yaşayış məskənlərinə ev sahibliyi edən Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Türkiyə, qədim sivilizasiyalara aid saysız-hesabsız qeyri-adi tarixi əsərlərə ev sahibliyi edir və bunların bir çoxu qazıntılar əsnasında tapılaraq muzeylərə gətirilir. Son iki əsrdə Anadoluda bəşəriyyətin mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və bu gün də ölkə daxilində araşdırmalar davam edir.
Muzey fəaliyyətlərində qabaqcıl olan Türkiyə arxeoloji tədqiqatlarda da nümunəvi ölkədir. 2022-ci ildə ölkə sərhədləri daxilində ümumilikdə 713 arxeoloji fəaliyyət həyata keçirilib. Yeddi bölgədə qazıntılara, həmçinin konservasiya işləri və akademik nəşrlərə ev sahibliyi edən Türkiyə, bu sahədə önə çıxır. Qazıntı, arxeoloji tədqiqat, geofiziki georadar və təmizlik işləri kimi bir sıra fəaliyyətləri dəstəkləyən Türkiyə arxeoloji tədqiqatlar baxımından dünyanın ən məhsuldar ölkələri arasında göstərilir.
Türkiyə boyu arxeoloji tədqiqatlar
2022-ci ildə Türkiyədə həyata keçirilən işlər çərçivəsində 160-ı Türkiyə elmi nümayəndə heyətləri, 32-si xarici elmi nümayəndə heyətləri və 57-si Muzey Müdirliklərinin rəhbərliyi altında olmaqla, ümumilikdə 249 arxeoloji qazıntı aparılıb. Həmçinin Muzey Müdirliklərinin rəhbərliyi ilə 187 xilasetmə qazıntısı, 10 dövlət investisiya sahəsi xilasetmə qazıntısı və 89 sondaj tipli qazıntı işləri aparılmışdır.
Türkiyə həm də qədim zamanlardan qalma gəmi qəzaları və sənət əsərləri ilə dəniz arxeologiyasının mərkəz nöqtəsidir. Ölkədə 7 dəniz qazıntısı və 3 tədqiqat işi aparılıb.
İl ərzində Türkiyə daxilində aparılan qazıntılara əlavə olaraq, davam edən səth tədqiqatları, geofiziki georadar və təmizlik işləri ilə ölkədə arxeoloji fəaliyyətlərin ümumi sayı 713-ə çatıb. Detallı araşdırmalar nəticəsində muzeylərə 10.500-ə yaxın tarixi əsər gətirilib.
Keçən il ən çox arxeoloji işlərə ev sahibliyi edən bölgə, 54 fəaliyyətlə, Egey və Aralıq dənizini birləşdirən Muğla oldu. Yüzlərlə qədim şəhər və xarabalığı ilə 8 min illik tarixə işıq tutan Muğlanın davamşısı isə 41 arxeoloji araşdırma ilə Egeyin incisi İzmir oldu.
2022-ci ildə Arxeologiya Səhnəsindən diqqət çəkən məqamlar
Laodikiya Qədim Şəhərinin Qərb Teatrında aparılan bərpa işləri başa çatıb. Dənizli sərhədləri içərisində olan Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur şəhərlərindən biri idi. Laodikiya Antik Şəhərinin bərpa edilmiş Qərb Teatrı yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.
Dənizlidə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə 1979-cu ildən bəri fasiləsiz olaraq hər il keçirilən Beynəlxalq Qazıntı, Araşdırma və Arxeometriya Simpoziumu baş tutub. Tədbirdə çoxlu sayda yerli və xarici alim və tələbə iştirak edib.
2023-cü il üçün sahə tədqiqatları ilə bağlı planlaşdırma və qiymətləndirmələr davam edərkən, 2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək üçün təxminən 750 arxeoloji fəaliyyətin həyata keçirilməsi gözlənilir.
Mehman