Dodaqları az qalırdı susuzluqdan çatlasın. Özü ilə götürdüyü su ehtiyatı çoxdan qurtarmışdı. Altıncı gün idi ki, susuzdu. Bu gün su tapmasa hər şey bitəcəkdi.
Ətrafda nə qədər axtarsa da heç bir bulağa rast gəlmədi. Sürünə - sürünə birtəhər təpəyə qalxdı. Aşağıda dərin bir dərə vardı. “Bəlkə orada su taparam ” deyə düşündü. Amma dərə çox dərin görünürdü. Ora düşsə çıxa biləcəyinə ümid etmirdi. Əlacı yoxdu, dərəyə düşməsə onsuz da susuzluqdan öləcəkdi. Dili ilə dodağını yalamaq istədi. Sanki dili dodaqlarına yapışıb qaldı. Bir təhər dağdağan ağaclarının budaqlarından tuta – tuta dərəyə endi. Bura təpəyə nisbətən sərin idi. Sərin olduğu qədər də qaranlıq idi. Dərəyuxarı getməyə başladı. Gəlib susuz bir şəlalənin altında dayandı. Buradan yuxarı çıxa bilməzdi. Dərənin dibi ilə uzanıb gedən yarıqdan görünürdü ki, haçansa buralardan su axıb. İndi isə kiçik daşlardan və qurumuş qumdan başqa heç nə yox idi.
Geriyə döndü. Bu dərədən necə çıxacağı barədə düşünürdü. Taqəti qalmamışdı. Amma “Can şirin şeydir” deyiblər. Var gücünü toplayıb özünə bir çıxış yolu tapmalı idi. Yoxsa bu gənc yaşında həyatı məhv olacaqdı.
Bir qədər sərin dərədə oturdu. Elə bil canına bir az qüvvət gəldi. Durub yoluna davam etdi. Yol deyəsən harasa insanların yaşadığı bir yerə doğru uzanıb gedirdi. Yolu tutub getməyə başladı. “Bəlkə içməyə bir qurtum su tapdım” ümidi ilə yoluna davam etdi. Bir az getdikdən sonra gözünə uzaqdan bir parıltı dəydi. Deməli bu sudur. Sanki yenidən canına qüvvət gəldi. Parıltıya doğru irəliləməyə başladı. Budur az qalıb, yaxınlaşıb, sudan doyunca içəcək, üz – gözünə vuracaq. Bu fikirlərlə parıltıya doğru sürünürdü. Və nəhayət oraya çata bildi. Bu ki, bir xurcun qızıldır. Günəş işığında par – par parıldayır. Kədər onu bürüdü. Bu qədər qızılın yerinə kaş ki, bir ovuc su olaydı..
Daha gedə bilməyəcəkdi. Huşu gedib arxası üstə yerə yıxıldı:
-Burada niyə uzanmısan, ey insan oğlu !?
Qeybdən gəlirdi bu səs.
-Su axtarıram.
Səs bir qədər susdu:
-Hə, deməli insan oğlu su axtarır? Yaxşı, qulaq as! Bir zamanlar gördüyün bu dərədən göz yaşı kimi sular axardı.
Həmin bu təpənin aşağılarından, ağacların dibindən buz kimi bulaqlar qaynayardı. Dərələr çaylara birləşib ətrafa can verərdi. Hər tərəf yamyaşıl, gül – çiçək olardı. Quşlar nəğmə oxuyar, həşəratlar uçuşardı. Yamaclardan qoyun – quzunun mələrtisi eşidilərdi. Amma insan oğlu bu gözəlliyə dəyər vermədi. Bulaqları, çayları gölləri çirkləndirib, havanı zəhərlədi. Həmin gözəlliklər isə tədricən yoxa çıxdı. İndi insan oğlu necə su axtara bilər?
-Axı bizim nə günahımız var? Bunu ki, bizdən qabaqkı nəsillər ediblər.
-Doğru, sizdən qabaqkı nəsillər sizi düşünsəydi, havanı, suyu, torpağı çirkləndirib, yeraltı, yerüstü sərvətləri talan etməzdilər. Sizə də bir şey saxlayardılar. Antarktidada aysberqlər əriməyə başlayanda həyəcan təbili çalıb, dünyanı xilas etməyə çalışardılar. Amma onlar bunu etmədi, öz çirkin əməllərinin arxasınca qaçıb, günü – gündən silahlandılar. Ona görə də sən də məhv olmalısan ki, bəlkə Ana təbiət özünün əvvəlki varlığına qayıda bilsin.
O, susdu. Çünki səs haqlı idi.
Bədəninin üşüdüyünü hiss etdi. Gözlərini açdı. Deyəsən üzünə bir damcı su düşmüşdü. Növbəti damçılar üzünə, gözünə, ətrafa səpələndi. Göylərə baxdı. Hava qaralmışdı. Deyəsən yağış yağacaqdı...
Şükür sənə, İlahi! Sən hər şeyi bağışlayansan...
Şəcahan Gün