Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurani-Kərimin “Şura” surəsinin adını düzgün tələffüz edə bilməyənin iddialı mühakimələri

Qurani-Kərimin “Şura” surəsinin adını düzgün tələffüz edə bilməyənin iddialı mühakimələri


“İctimai” televiziyada “Sabaha saxlamayaq” verilişinin “süni mayalanma” mövzusuna həsr edilmiş növbəti buraxılışına baxdım. Mövzu ilə əlaqəli fikir bildirmək istəmirəm, çünki bu hazırkı qeydlərimin yazılması məqsədinə daxil deyildir. Amma bir ümumiləşdirici mülahizəni diqqətə çatdırıram ki: a) islam dinində ailə institutunun toxunulmaz yeri; b) qadın-kişi münasibətlərinin nikahmərkəzli tənzimlənməsi; c) valideynin kimliyinin mütləq mühafizəsi prinsipləri süni mayalanma mövzusunun müzakirəsində nəzər alınmalıdır, əks halda, mövzuya dair obyektiv təsəvvür hasilə gəlməyəcəkdir.

Verilişdə diqqəti cəlb edən məqam qonaqlardan biri tərəfindən islam dininin, inanc dəyərinin, milli əxlaq məfhumunun həqarət obyekti seçilməsi idi. Cəmiyyətdə allahsız, həm də inanclılara qarşı dözümsüzlüyü ilə ad çıxarmış bu şəxs açıq şəkildə islam dinini, peyğəmbərlik institutunu təhqir edərək “Hammurapinin qanunları sonradan şəriətin qanunlarına çevrildi; heç bir şərq peyğəmbərinin uydurmadığı qədər Kraliça Yelizaveta əxlaq qaydaları uydurmuşdur; insanlar bunları ilahlaşdırdılar” kimi ifadələrə yol vermişdir. Həqarət və böhtan ehtiva edən bu ifadələr, haradasa, hamılıqla müsəlman olan, inanc, əxlaq, Allah, Peyğəmbər, İmam, Kitab (Quran) dəyərlərinə sahib bir xalqa qarşı hörmətsizlikdir. Bu şəxsdən bundan başqasını gözləmək mümkün deyildir; kimiksə, o cür də davranırıq; üstün keyfiyyətlərə sahib olmayan tiplərdən nəcib üslub və üstün davranış gözləmək əbəsdir.

Verilişə baxanlar müşahidə edəcəkdir ki, özünü əxlaq və inancın fövqündə görən bu psevdoziyalı hər fürsətdə əxlaqı, inancı, dini hədəf seçmiş, problemin səbəbində mənəviyyatın, əxlaq qaydalarının yatdığını iddia etmişdir. Əxlaqa olan nifrəti onun mühakimələrində yanılmasına səbəb olmuşdur; əxlaqa münasibətdə qərəzli paradiqmaların – stereotiplərin təsirində qaldığı üçün bu şəxs Azərbaycanda süni mayalanmaya olan istəksizliyin səbəbi kimi əxlaqın adını çəkir! Nəzərə almır ki, bizdə süni mayalanmaya rəğbətin az olmağı: a) sonsuzluqdan əziyyət çəkən ailələrin azlığından; b) daha ucuz başa gələn müalicə vasitələrinə üstünlüyün verilməsindən; c) ailələrdə “həqiqi valideyn” və “öz övladım” həssaslığından; ç) süni mayalanma anlayışının cəmiyyət üçün yeni olmağı və məlumatsızlıqdan irəli gəlir.

Təəssüf doğuran hal budur ki, televiziya məkanında inancı, əxlaqı, peyğəmbərlik institutunu, ilahi təlimləri həqir üslubla hədəf seçən nöqteyi-nəzərin səsləndirilməsinə göz yumulur; etiqad azadlığının təmin edildiyi respublikamızda dinə və dini dəyərlərə dözümsüzlüyü ilə tanınan subyektlərə qarşı tərəfi təhqir etmək sərbəstliyi verilir; aparıcılar tərəfindən belə narahatedici, destruktiv və təhrifedici fikirlərə münasibət bildirilmir. Halbuki heç bir inanclı şəxs dövlət və özəl televiziya kanallarında eyni üslubla inancsız, allahsız şəxsləri hədəf seçməmiş, yaxud aparıcılar və rəhbərlik tərəfindən bu hala imkan verilməmişdir...

Təxminən 12-14 dəqiqəlik çıxışında bu şəxs təkcə inanc və dini dəyərləri alçaltmaqla kifayətlənməmiş, həm də mühakimə dayazlığı ilə səciyyələnən bir sıra iddialar da səsləndirmişdir.

Belə ki Qurani-Kərimin “Şura” surəsinin adını düzgün tələffüz edə bilməyən bu şəxs iddialı mühakimələrini davam etdirərək bildirirdi ki, insanlar qəbul etsinlər deyə Hammurapinin qanunlarını başbilənlər (peyğəmbərlər) ilahiləşdirmişlər. Əvvəla, iddia sahibi bu yerdə mühüm tarixi xüsusiyyəti, eləcə də bütöv tarixi mərhələnin səciyyəvi cəhətini nəzərdən qaçırır. Nəzərə almır ki, danışdığı dövrdə bütün qanunlar “səmavi” (ilahi) hesab olunurdu; hətta Hammurapi (e.ə. 1728-1686) hakimiyyətə gəldikdən iki il sonra çıxardığı qanunların özü deyil, tanrılar tərəfindən hazırlandığını deyirdi. Belə ki “Hammurapi qanunları”nın girişində göstərilir ki, Tanrı Marduk Hammurapiyə “insanları düz yola çıxarmağı, ölkəni idarə etməyi, yer üzündə qanunu və ədaləti bərqərar etməyi, insanların rifahını artırmağı tapşırmışdı”. Deməli, bu qanunları o deyil, tanrılar hazırlamışdılar. Qanunların mətnində deyilir ki, sütun hazır olduqda qanunu Hammurapiyə panteonun əsas tanrısı – Ədalət və Günəş tanrısı Şamaş vermişdi. Hammurapi dünyanın dörd tərəfini hakimiyyətinə tabe etmək, şəhərlər və hökumətlərini boyunduruğu altına salmaq üçün tanrılar tərəfindən özünə vəzifənin verildiyini düşünürdü. Əgər müasir tarixşünaslıqda “Hammurapinin qanunları” adlandırılan qanunların həmin dövrdə “səmavi” olduğu qəbul olunurdusa, onda “ilahi olan”ın sonradan ilahlaşdırılmasına nə ehtiyac vardı?! Deməli, sözügedən şəxsin “Happurapinin qanunlarını sonrada ilahiləşdirdilər” iddiası əsassızdır və bu iddia tarixə dair məlumatsızlığın məhsulu kimi özünü göstərir.

Nəhayət, bu şəxs iddia edir ki, Mülkiyyət çağına qədər ailə anlayışından söz gedə bilməzdi, hər şey ümumi mülkiyyətə tabe idi. Görəsən, faktiki və konkret arqumentlilik xüsusiyyətindən uzaq belə mücərrəd iddianı elmi aksiom kimi səsləndirmək nadanlığın, cahilliyin göstəricisi deyil ki?!

Sizcə, əxlaq və mənəviyyata qənim kəsilən, inanca və mənəvi dəyərlərə dözümsüz yanaşan bir şəxsin inanc və əxlaqla əlaqəli həssas mövzuların müzakirəsinə ekspert kimi çağırılması bizə nə fayda verə bilər axı?!

Elvusal Məmmədov-ilahiyyatçı
Xəbəri paylaş