"Ermənistan Rusiyanın siyasəti dairəsindən uzaqlaşmaq planı qurarkən İrəvanda “bəs Rusiya Ermənistana nəql etdiyi qazı kəsərsə ne edəcəyik” sualı dolaşır. Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan Azərbaycandan qaz almağa “hazır olduqlarını” bildirib. Bu Ermənistanın baş naziri Nikol Paşinyanın yeni gedişidir. Paşinyan forumdakı çıxışında “Sülh Qovşağı” təklifini də irəli sürüb. Təklifin mahiyyəti bölgə ölkələri arasında kommunikasiya yollarının açılmasıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycanın nəzəri cəhətdən Ermənistana həm qaz satması, həm də Ermənistanın da içində olduğu regional nəqliyyat layihələrində iştirakı mümkündür:
"Ancaq bunun üçün ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Digər tərəfdən “Sülh Qovşağı” təklifi Ermənistan hakimiyyətinin beynəlxalq təşkilarlarda dostları ilə birgə Azərbaycan əleyhinə təbliğata son qoymasını diqtə edəcək. Necə ola bilər ki, Ermənistan həm Azərbaycandan qaz alsın və birgə layihələrdə iştirak etsin, həm də Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə çalışsın? İkisi bir arada mümkün deyil. Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh sazişi imzalayarsa və prezident İlham Əliyevin də irəli sürdüyü “Qafqaz evi” təklifi reallaşarsa İrəvan və erməni lobbisi artıq Azərbaycana qarşı çirkin təbliğat apara bilməyəcəklər. Bunun müsbət tərəfi də odur ki, müxtəlif ölkələrdəki ermənipərəst siyasi mərkəzlər, o cümlədən ABŞ Konqresi və rəsmi Paris Azərbaycana qarşı “erməni kartı”ından imtina etmək məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, Ermənistanın radikal müxalifəti Nikol Paşinyanın “Sülh Qovşağı” təklifinin əleyhinə çıxıblar".
Anar Əliyev