Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Türkiyə Cümhuriyyətinin 100 illiyidir

Bu gün Türkiyə Cümhuriyyətinin 100 illiyidir


Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Yaxın tarixə nəzər salsaq görərik ki, Cümhuriyyətin yaranması o qədər də asan başa gəlməyib.

Newscenter.az xatırladır ki, Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlatmışdır.

18 sentyabr 1922-ci ildə ölkədəki bütün düşmən qüvvələr qovulmuş və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edilmişdir. 1 noyabr tarixində isə Türkiyə Böyük Millət Məclisi tərəfindən Osmanlı sultanlığı ləğv edilmiş və 623 illik rəsmi monarxiya dövləti olan Osmanlı tarixindən qalmış tozlu səhnələr silinmişdir.

24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi, Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etmiş və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla respublika elan edilmişdir. Lozanna müqaviləsinə əsasən baş tutan Türkiyə-Yunanıstan vətəndaş mübadiləsi ilə Türkiyədə yaşayan 1.1 milyon yunan və Yunanıstanda yaşayan 380 min türk yer dəyişdirmişdir.


Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparmışdır. 1934-cü ildə çıxan soyad qanunu ilə "Atatürk" soyadını almışdır.II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qorumuş, lakin müharibənin son aylarında 23 fevral 1945-ci ildə müttəfiq dövlətlərin tərəfinə keçmişdir.

26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur. II Dünya Müharibəsindən sonra, Türkiyənin, Yunanıstanda kommunist üsyanların yatırılması və Sovet İttifaqının türk boğazlarında hərbi baza istəməsi kimi qarşılaşdığı çətinliklər ABŞ-nin 1947-ci ildə Trumen doktrinasını elan etməsi ilə nəticələnmişdir.

100 yaşlı Türkiyə Cümhuriyyəti Qazi Mustafa Kamal Paşanın əmanəti olaraq bu gün yaşayır, inkişaf edir, qlobal gücə çevrilir. Bu gün dünyada hər kəs demək olar ki, 100 yaşlı Cümhuriyyətlə hesablaşmaq məcburiyyətindədir.

P.S.Biz də redaksiya olaraq Türkiyə Cümhuriyyətini 100 illiyi münasibətilə təbrik edir, daha böyük uğur və nailiyyətlər arzulayırıq.

R.Mehdiyeva
Xəbəri paylaş