"Dağıstanda "yəhudi ovunun" görüntüləri çox acınacaqlı və qəzəbverici görüntülər idi. Bir sürü saqqallı şəxsin Mahaçqala aeroportunda otaqları gəzib, təyyarənin mühərrik yerində belə yəhudi axtarmasını İslam dini adına ləkə hesab edirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Politoloq deyib ki, sivil insanların dini ayrıseçkilik məqsədi ilə təqib edilməsi heç bir insanı normativlərə və dini qaydalara sığmır:
"Bu kütlə beyni yuyulmuş, zəhərlənmiş, din anlayışı olmayan zombi kütləsindən təşkil olunmuşdur. Hesab edirəm ki, belə kütləni idarə edən qüvvələr vardır və bunlar çox təhlükəlidir. Onların belə zombiləri öz məqsədləri üçün istifadə etdiyi şübhəsizdir".
Politoloq deyib ki, HƏMAS-İsrail qarşıdurmasında maraqlı olan və HƏMAS-ın İsrailə terror hücumunu planlaşdıran mərkəzlər indi də bu qarşıdurmanı digər regionlara yaymaq istəyirlər:
"Görünən odur ki, müsəlman dünyasını da bu qarşıdurmaya cəlb etmək istəyirlər. Bu kimi hərəkətlərlə İsrail əleyhinə cəbhəni genişləndirmək üçün zəmin, eyni zamanda, İsrail-Qərb koalisiyasının cavab reaksiyasının daha da kəskinləşməsi planlaşdırılır. Bunların hamısı bir mərkəzdən idarə edilir. Hadisələr o qədər mürəkkəb və dolaşıqdır ki, hər hansı spontan hadisənin də bu qüvvələr tərəfindən sonradan idarə edilməsi ehtimalı böyükdür".
Anar Əliyev