Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərtib olunmuş plana uyğun olaraq bir-neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Çaylarda yarana biləcək sel təhlükəsinin qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək məqsədilə hazırda Göyçay çayında mühafizə bəndlərinin təmiri və məcratəmizləmə işləri həyata keçirilir. Bu işlərin görülməsi üçün Göyçay çayının məcrasına xeyli sayda texnika cəlb olunub. İlin əvvəlindən bu vaxta qədər cari təmir planları əsasında 38 km-ə yaxın məsafədə mühafizə bəndlərinin təmiri, 90 km-dən artıq qayakəsmə işləri və 11 km-ə yaxın uzunluqda məcra təmizlənməsi işləri həyata keçirilib.
Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini sel və daşqın sularından qorumaqdan ibarətdir. Vəzifəsi isə balansında olan torpaq mühafizə bəndlərini daim nəzarətdə saxlamaq, aşınma, çökmə, sürüşmə hallarında təmir-barpa işləri aparmaq, kənar müdaxilələrdən qorumaq, selyuma proseslərini nəzarətdə saxlamaq, qarşısını almaq, balansında olan çay məcralarını lildən təmizləməkdən ibarətdir. Hazırda idarənin texnikaları bu işləri Girdimançayda da davam etdirir. Bundan başqa bu il əsaslı təmir planına hesabına mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə Zərdab, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində Kür çayında qaya uçmalarının qarşısını almaq məqsədilə 1854 paqonometr uzunluğunda daş-betonla sahilbərkitmə işlərinə başlanıb. Bu işlərin yerinə yetirilməsinə 19 ədəd ekskovator, 15 ədəd buldozer, 20 ədəd yüküözüboşaldan maşınlar istifadə edilib.
Qeyd edək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda - Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir.
Nərgiz Əzizova