"Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli dövlətlər arasında ələqələrin gücləndirilməsi, tarixi bağlardan bəhrələnərək dostluq, qardaşlıq, həmrəylik, əməkdaşlığın təşviqi və inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. Təşkilat, üzvlər arasında siyasi dialoqu, iş birliyi və mübadiləni təşkil edərək ortaq siyasi məsələləri müzakirə etmək və həlli istiqamətində əməli fəaliyyətlərin icrası baxımından xüsusi əhəmiyyətə malikdir. Təbii ki, TDT-nın yaradılması türk dünyasının beynəlxalq müstəvidə daha təsirli və nüfuzlu olmasına köməklik edir və digər siyasi mərkəzlərin baxış bucağında yeni bir güc mərkəzinin yaranması kimi xarakterizə olunur. Bu minvalla Türk Dövlətləri Təşkilatının "Türk əsiri" çağırışı altında 10-cu yubiley görüşünün keçirilməsi əhəmiyyətli hadisədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlər çərçivəsində çox ciddi gərilmələr mövcuddur və bir sıra dövlətlər münaqişələri hərb yolu ilə həll etməkdə daha həvəsli və israrlı görünür:
"Təbii ki, bu situasiya özlüyündə yeni təhdidlər formalaşdırır. Ölkə rəhbəri cənab İlham Əliyev də çıxışı zamanı məhz bu faktlara toxunaraq çağırışlara cavab verməyin zəruriliyini vurğuladı. Hazırda əsas prioritet kimi üzv dövlətlərin qarşısında iqtisadi aktivliyin artırılması və nəqliyyat-kommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi dayanır. Bunun üçün bütün lazımi şərait mövcuddur və bazar mühüti də kifayət qədər əlverişlidir.."
AVP rəsmisi daha sonra bunları deyib:
"Rusiya-Ukrayna müharibəsindən sonra Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin hərbi sferada inkişaf etməsi dünya enerji bazarına təsirsiz ötüşməyəcək və özünün təbii ehtiyatlar potensialını nəzərə alaraq ölkələrimizin əhəmiyyəti bir daha göz önündədir. İndiki halda qardaş Qazaxıstan Respublikasının sədrliyi dönəmində çoxtərəfli əlaqələrin sürətli şəkildə inkişaf etməsinə ümidlər yüksəkdir və bu gözləniləndir".
Anar Əliyev