Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə Firudin Səfərovun 90 illiyi qeyd edilib

Daşkənddə Firudin Səfərovun 90 illiyi qeyd edilib



Özbəkistanda Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Firudin Səfərovun 90 illiyi geniş qeyd edilib.

Newscenter-az xəbər verir ki, bu məqsədlə Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında təşkil olunan yubiley tədbirində Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış simaları, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar fəal iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Firudin Səfərovun həyatı boyu daim incəsənətimiz üçün çalışdığını qeyd edərək, artistin yaradıcılığında uzun müddətdir ki, iki xalq musiqi sənəti xəzinəsini zənginləşdirərək, xalqlarımız arasında möhkəm bir dostluq körpüsü yaratmasını vurğulayıb.

S.Abbasov bildirib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayaraq az bir zaman ərzində Firudin Səfərov yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik yaradıcı şəxs kimi bir çox milli opera tamaşalarına quruluş verərək, teatr aləmində bacarıqlı rejissor kimi böyük nüfuz qazanıb. Çıxışın sonunda Samir Abbasov Azərbaycan dövlətinin daim Firudin Səfərovun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edərək, onun Azərbaycan səhnəsində çoxsaylı tamaşalara quruluş verməsini, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlov kimi tanınmış bəstəkarların əsərlərinə müraciət etməsini xüsusi vurğulayaraq Firudin Səfərova 90 illik yubileyinə dair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xatirə hədiyyələrini təqdim edib.
Özbəkistanın Mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanov Firudin Səfərovun yarım əsrdən çoxdur ki, istedadlı opera rejissoru kimi öz parlaq istedadı ilə iki xalqlarına xidmət etdiyini bildirib. O bildirib ki, bu axşam sadəcə yubiley deyil, iki xalqın - Özbəkistan və Azərbaycanın dostluğunun əlamətdar hadisəsidir və Firudin Səfərov öz çoxillik fəaliyyəti ilə iki dövlətin mədəniyyətlərini birləşdirir. Sonra Firudin Səfərova Özbəkistan Mədəniyyət Nazirliyi “İncəsənətə verdiyi töhfəyə görə” medalı ilə təltif edib.

Çıxış edən Əlişir Nəvai adına Dövlət Opera və Balet Teatrının direktoru, Özbəkistan Respublikasının xalq artisti Ramiz Usmanov, F.Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, onun Özbəkistanda tanınmış azərbaycanlı kimi xüsusi xidmətlərini qeyd edib. Ramiz Usmanov Özbəkistanın və Azərbaycanın xalq artisti olan professor Firudin Səfərov ictimai və musiqi fəaliyyətindəki xidmətlərinə görə Özbəkistanın “Görkəmli xidmətlərə görə” ordeni və Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunaraq, uzun illər gördüyü işlərlə bu iki xalqın dostluğu, mədəniyyətlərini birləşdirməsi üçün çox işlər görmüşdür.

Tədbirin bədii hissəsində Firudin Səfərovun əsərlərindən ibarət tamaşalar böyük rəğbət və alqışlarla qarşılanıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş