"Ləğv edilmiş qondarma separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan cəfəng iddialar fonunda növbəti dəfə təxribatçı fikirlər səsləndirib. Şahramanyanın fikirlərini bir neçə istiqamət üzrə dəyərləndirməli olarsaq ilk növbədə, keçmiş xunta rejiminin rəhbəri bu tip iddialarla çıxış etməklə erməni cəmiyyətində olmayan ictimai-siyasi nüfuzunu yüksəltmək istəyib".
Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O qeyd edib ki, uzun müddət Ermənistanda hakimiyyətə yiyələnmiş Qarabağ klanı, hər nə qədər cəhdlər etsə də ölkədə hakimiyyəti yenidən mənimsəyə bilmədi:
"Baxmayaraq ki, onlar 44 günlük müharibənin məğlubiyyətini indiki hakimiyyətlə bağlamağa çalışdılar və bu çərçivədə özləri üçün növbəti uğur hekayəsi yazmağa cəhd etdilər. Lakin erməni cəmiyyəti bütün cəhdlərə baxmayaraq onlara etimad etmədi. İndi isə Şahramanyan öz varlıqlarını gündəmdə saxlamaq niyyətindədir.
Digər bir məqam isə Samvel Şahramanyanın çıxışında xarici tərafdaşlara arxayınlıq hiss olunur ki, bunu da Qərbin Ermənistana dəstək nümayiş etdirməsi ilə əlaqələndirmək olar. Bilindiyi kimi, Fransa, ABŞ və bir sıra Qərb ölkələri Ermənistan üzərindən Cənubi Qafqazda fəallıq nümayiş etdirməyə çalışır. Hər nə qədər inkar etsələr də, Ermənistan ordusu hazırlaşdırılır və ölkədə "Voma" kimi terror qruplaşmasının fəaliyyəti üçün ciddi zəmin formalaşdırılır. Onlar da öz növbəsində dünyanın dörd bir yanından eyni məntiqə söykənən şəxsləri bu prosesə cəlb edirlər".
AVP rəsmisi hesab edir ki, lakin Şahramanyanın cəfəng fikirlərinə baxmayaraq Qarabağı qaytarmaq onlar üçün ancaq xülya ola bilər:
"Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib və bu zaman Qarabağda yaşayan ermənilərə şans tanıdı ki, Azərbaycan bayrağı altında vətəndaşımız olaraq yaşamağa davam etsinlər. Onlar isə bunu dəyərləndirmədi və tam təhlükəsiz şəraitdə bölgəni tərk etdilər. İndi işğaldan azad olunmuş bütün torpaqlar inkişaf cənnəti təsiri bağışlayır və Cənab Prezident İlham Əliyevin siyasi iradəsi Qarabağın hər bir nöqtəsində hiss olunur. Separatçı ünsürlər kimlərəsə ümid edib Azərbaycana qarşı revanş fikrinə qapılıblarsa bu əbəsdir. Azərbaycanın gücü, iradəsi ölkə rəhbəri, xalq və ordu birliyindən qaynaqlanır və bu gücün qarşısında heç kim tap gətirə bilməz".
Süleyman