
"Ermənistanın baş naziri N. Paşinyanın Rusiyaya səfəri əsasən işgüzar xarakter daşıyır. O, Moskva ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən qurmaq niyyətindədir. Paşinyanın Rusiya rəhbərliyinə çatdırmaq istədiyi əsas mesajlardan biri Ermənistanın artıq “forpost” deyil, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsinin vacibliyidir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, səfər çərçivəsində Ermənistanla Rusiyanın quru əlaqələrinin Azərbaycan üzərindən bərpası məsələsinin də müzakirə olunacağı istisna deyil:
"Paşinyanın Moskvaya konkret təkliflər paketi ilə getdiyi ehtimal olunur və təbii ki, Rusiyanın da öz gündəliyi mövcuddur. Müzakirə edilə biləcək əsas məsələlər isə bunlar ola bilər. Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin Moskvada imzalanması, TRİPP layihəsində Rusiyanın iştirakı, Rusiyanın Ermənistandakı hərbi bazalarının fəaliyyətinin davam etdirilməsi".
Məhəmməd Əsədullazadə hesab edir ki, N.Paşinyan nəzəri baxımdan Rusiyanın təkliflərinə müsbət yanaşa bilər:
"Lakin seçkilərdən sonra daha fərqli və balanslaşdırılmış siyasət yürüdəcək. Bu yanaşma müəyyən mənada Kremlə mesaj kimi də qiymətləndirilə bilər. Seçki prosesinə müdaxilə edilməsin, qarşılığında isə seçkilərdən sonra əməkdaşlıq davam etdirilsin.
Ümumilikdə, Ermənistanın əvvəlki “forpost” statusundan uzaqlaşaraq yeni şərtlərlə çıxış etməsi Moskva üçün gözlənilməz və müəyyən mənada “soyuq duş” effekti yaradır. Buna baxmayaraq, Paşinyanın bu səfərinin iki ölkə arasında mövcud soyuq münasibətlərdə ciddi dinamika yaradacağı mümkün deyil".
Süleyman











































