
Zəngəzur dəhlizindən Avropaya yaşıl enerji ixracı: Prezident İlham Əliyevin Naxçıvan səfərindən doğan regional reallıqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına reallaşan növbəti rəsmi səfəri regionun hərtərəfli inkişafı, təhlükəsizliyi və strateji gələcəyi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının, sosial evlər kompleksinin, Naxçıvan mehmanxana kompleksinin təməlləri atılıb, Naxçıvan Regional DOST Mərkəzinin rəsmi açılışı icra edilib. Eyni zamanda dövlət başçısı şəhərin perspektiv böyüməsini və əhali artımını proqnozlaşdıran Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı ilə yaxından tanış olub, elektrik mühərrikli yeni avtobuslara baxış keçirib və dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işlərini yerindəcə araşdırıb. Tarixi və mədəni irsin qorunması məqsədilə Möminə xatun türbəsində aparılan bərpa işləri yoxlanılıb, Əcəmi Naxçıvaninin abidəsinin açılışı baş tutub, həmçinin Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə döyüş bayraqları təqdim edilib. Səfərin yekununda Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə muxtar respublikanın gələcək yol xəritəsini müəyyən edən strateji nəticələri və mühüm faktları ortaya çıxarıb. Müsahibədən meydana çıxan əsas nəticələrdən birincisi idarəetmə islahatları ilə bağlıdır və dövlət başçısı Qarabağ ilə Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik institutunun Naxçıvanda da uğurlu nəticələr verdiyini, muxtar respublikada idarəetmə qaydalarının daha da təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. İkinci mühüm nəticə sosial-iqtisadi tərəqqiyə yönəlib və səfərlə eyni vaxtda muxtar respublikanın sürətli inkişafı üçün dövlət büdcəsindən 258 milyon manat vəsaitin ayrılması haqqında tarixi sərəncam imzalanıb, həmçinin yaxın gələcəkdə bölgədə 420 kilometrlik avtomobil yolunun əsaslı təmiri qərara alınıb. Üçüncü strateji nəticə vahid inkişaf konsepsiyasıdır ki, burada Naxçıvanın gələcək planlamasının Şərqi Zəngəzur və Qarabağ ilə bütöv bir layihə çərçivəsində, sinxron şəkildə həyata keçirilməsi başlıca hədəf kimi qoyulub. Dördüncü fakt regional enerji təhlükəsizliyi sahəsindəki böyük potensialı əks etdirir və ölkə rəhbəri Naxçıvanın Günəş enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanı olduğunu qeyd edərək bölgədə fəaliyyət göstərən Şəms bir və Qərbi Üfüq stansiyalarını nümunə göstərib, həmçinin gələcəkdə istehsal olunacaq yaşıl enerjinin Ermənistan ərazisindən çəkiləcək xətlərlə Avropaya ixrac edilməsi üçün layihələrin tam hazır olduğunu bəyan edib. Beşinci böyük nəticə nəqliyyat və kommunikasiya xətlərinin bərpası, xüsusən Zəngəzur dəhlizinin açılması təşəbbüsünün birbaşa Azərbaycana aid olmasının vurğulanmasıdır. Dövlət başçısı Horadiz-Ağbənd avtomobil yolunun artıq tamamlanmaq üzrə olduğunu, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə çox böyük maraq göstərdiyini və bu dəhliz reallaşdıqdan sonra Azərbaycandan İrana ikinci mühüm dəmir yolu xəttinin də açılacağını bildirərək Naxçıvanın regional nəqliyyat mərkəzinə çevriləcəyini əminliklə ifadə edib. Nəhayət müsahibədə hərbi təhlükəsizlik amili xüsusi qeyd olunub və Naxçıvanın coğrafi blokada şəraiti nəzərə alınaraq ordunun müdafiə qabiliyyətinin, xüsusilə komando qüvvələrinin artırılmasının strateji zərurət olduğu, Azərbaycan Silahlı Qüvvələrinin regionda tam söz sahibi statusunu qoruduğu qətiyyətlə vurğulanıb. Ümumilikdə bu tarixi səfər və müsahibə Naxçıvanın həm iqtisadi, həm sosial, həm də hərbi-strateji baxımdan yeni bir intibah mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
İlham Məmmədov,
Milli Məclisin deputatı











































