
Avqustun 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Özbəkistan Respublikasının Namanqan vilayətinin hakimi Şovkatcon Şokircanovic Abdurazakovun rəhbərliyi ilə Azərbaycan Respublikasında işçi səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətini başçısının 1-ci müavin Məhluqə Cavadova və başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Fərid Məmmədov iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonaqları salamlayaraq qeyd edib ki, Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində 21 may 2024-cü il tarixində Mingəçevir şəhəri ilə Namanqan şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanmasından sonra nümayəndə heyətimiz Namanqanda olmuşdur. Əlbəttə ki, iki şəhər arasında hərtərəfli əlaqələrin qurulması üçün bu yetərli deyildir.
Ümid edirik ki, Sizin rəhbərliyinizlə nümayəndə heyətinin Mingəçevir şəhərinə səfəri əməkdaşlığımızın uzunmüddətli və səmərəli olmasına təməl olacaqdır. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Son illərdə isə bu əlaqələr çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.
Mingəçevir şəhəri haqqında məlumat verən şəhər rəhbəri bildirib ki, şəhər ərazisi e.ə. III minillikdən başlayaraq qədim yaşayış məskəni olub. Müasir şəhər isə Kür çayı üzərində Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar 1945-ci ildən qurulmağa başlanmış və 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçirilmişdir. Mingəçevir Azərbaycanın dördüncü ən böyük sənaye və energetika mərkəzidir. Mingəçevir şəhərinin rəsmi daimi əhalisinin sayı 103,3 min, keçmiş məcburi köçkünlərin sayı 19.3 min nəfər təşkil edir. Kür çayının hər iki sahilində yerləşən Mingəçevir zəngin tarixi köklərə və müasir infrastruktura malikdir.
Şəhərdə iki nəhəng müəssisə – gücü 2400 MVT olan “Azərbaycan İstilik Elektrik Stansiyası” və 424,6 MVT olan “Mingəçevir SES silsiləsi” fəaliyyət göstərir. Yeni inşa olunan 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcəkdir. Hazırda elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Elektroenergetika ilə yanaşı elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi sürətlə inkişaf edib. Şəhərdə 40-a yaxın sənaye müəssisəsi mövcuddur.
Mingəçevir Yüksək Texnologiyalar Parkında “HTECH İnvest” MMC tərəfindən masaüstü kompüter və noutbuk, “Azneftemaş” ASC müxtəlif maşınqayırma və neft avadanlıqları istehsal edilir. Şəhərdə Sənaye parkı yaradılıb, 27 fevral 2018-ci il tarixdən İplik 1 və İplik 2 fabrikləri istifadəyə verilib, müxtəlif ölçülərdə iplik hazırlanır. “Mingəçevir Tekstil” MMC-də 2025-ci ildə istehsal həcmi 15,5 min tona çatdırılmışdır. Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar “Mingəçevir Regenerat” ASC-nin 11,2 ha torpaq sahəsi İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsin daimi istifadəsinə verilmişdir. Ərazidə planlaşma və layihələndirmə işləri aparılmış, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən rezidentlərin cəlb olunması istiqamətində işlər aparılır. Bu sahədə investisiya layihələrinə qoşulmanızı təklif edirik.
Şəhər həyatından söz açan İcra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğı sayəsində həyata keçirilən layihələrdən, bu çərçivədə şəhərdə abadlıq-quruculuq işlərinin genişləndirilməsindən, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində yaradılan şəraitdən bəhs edib. Şəhərdə regionun ən böyük ali təhsil ocağı olan Mingəçevir Dövlət Universitetinin, Tibb və Turizm Kolleclərinin fəaliyyət göstərdiyini bildirib, təhsil və səhiyyə və mədəniyyət müəssisələrindən, idman həyatından söz açıb. Mingəçevirn beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.
İ.İsmayılov “Mingəçevir Turizm və Rekreasiya zonası”nın yaradılması istiqamətində işlərin aparıldığını və turizmi inkişaf etdirmək üçün böyük potensiala malik olduğunu qeyd edərək bu potensialın reallaşdırılması üçün Özbəkistan sahibkarlarını turizm sektorunda iştiraka dəvət edərək deyib ki, “Turizm sektorunda birgə əməkdaşlıq hər iki tərəf üçün əlverişli ola bilər. Hərtərəfli əməkdaşlıq üçün təhsil, səhiyyə, mədəniyyət, idman və sair sahələrdə də əlaqələrimizi qura bilərik. Belə işgüzar səfərlərin təşkili və görüşlərin keçirilməsi 2 qardaş dövlət arasında münasibətlərin gücləndirilməsinə, müxtəlif sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsinə səbəb olur. Bu günki görüşmüz bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Nümayəndə heyətinə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.
Çıxış edən Özbəkistan Respublikasının Namanqan vilayətinin hakimi Şovkatcon Şokircanovic Abdurazakov səmimi qəbul üçün minnətdarlığını bldirib, qonaqları təqdim edib. Hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Özbəkistanın ikinci ən böyük şəhəri olan və beynəlxalq səviyyədə “Güllər şəhəri” kimi tanınan Namanqan şəhəri, ərazisi, əhalisinin sayı, iqtisadiyyatı, sənətkarlığı ilə bağlı məlumat verib. Ənənəvi olaraq milyonlarla qonağı cəlb edən Beynəlxalq gül festivalının hər il keçirildiyini bildirib və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu nümayəndə heyəti ilə birgə növbəti festivala dəvət edib. Qardaşlaşmış Namanqan və Mingəçevir şəhərlərinin əməkdaşlıqlarının müxtəlif sahələrdə genişləndirilərək davam etdirilməsinə münasibətini bildirib.
Sonra qonaqlar Mingəçevir SES-də və Mingəçevir Tekstil MMC- də olublar.
Süleyman












































