Newscenter.az.17.05.2019. “Bakı Metropoliteni” QSC sərnişinlər üçün daha bir yeni sosialyönümlü layihəyə start verib. Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, mayın 25-də dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Markın çıxışını canlı izləmək arzusunda olanların sayı həddindən artıq çoxdur və konsertə bilet tapmaq o qədər də asan deyil. “Bakı Metropoliteni” QSC-nin “United Cultures” və “124 Studios” ilə layihəsi məhz bu konsertlə bağlıdır. Layihənin əsas məqsədi metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə biletlə təmin etməkdir. Bunun üçün sadə bir qeydiyyat prosedurundan keçmək lazımdır: Siz ad, soyad və ata adınızı, doğum tarixinizi, telefon və metroda gediş kartının nömrəsini göstərirsiniz.
Onu da qeyd edək ki, may ayının 1-də “İçərişəhər” stansiyasında belçikalı saksafonçu Marselo Monkadanın keçirilən konsert proqramı da “United Cultures” ilə əməkdaşlıq çərçivəsində “İmagine” Avro Tolerantlıq Festivalının ilk tədbiri olmuşdu.