Newscenter.az.26.11.2019. Noyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib.
Newscenter.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin əvvəlində çıxış edərək cari ilin 10 ayı ərzində görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə məlumat verib.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şaxələndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb.
Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərə toxunan Səfər Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan danışıb, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də Komitə sədri həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib.
Komitə sədri cari ilin 10 ayı ərzində 3,5 milyona qədər elektron xidmət göstərildiyini, informasiya texnologiyalarının tətbiqi hesabına gömrük sistemində vətəndaş-məmur təmasının minimuma endirildiyini, gələcək hədəfin isə təmasın sıfırlanması olduğunu bildirib.
Eyni zamanda, ölkədə gömrük işinin daha da səmərəli təşkil edilməsi məqsədilə təmsilçilik institutunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub, hüquqi şəxslərin 800-dən artıq təmsilçilik üzrə mütəxəssisinin xüsusi imtahanlara və kurslara cəlb edildiyi və prosesin davamlılığının təmin olunacağı bildirilib.
Daha sonra "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən, xarici ticarət dövriyyəsindən, gömrük orqanlarının kadr potensialının gücləndirilməsindən və tətbiq ediləcək yeni layihələrdən bəhs edən Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların davamlı xarakter daşıdığını, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində yeni uğurlara imza atacağını diqqətə çatdırıb.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərin suallarını ətraflı cavablandırıb.
Zaur