Newscenter.az.29.11.2019. Noyabrın 29-da Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” keçirilir.
Newscenter.az xəbər verir ki, sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ötən ilki sammitdən etibarən turizm sahəsində görülən işlərdən və Agentliyin gələcək planlarından danışıb.
O qeyd edib ki, Agentlik turizm sahəsində həyata keçirilən tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir.
Fuad Nağıyev bir illik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% daha çox olduğunu, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə olunduğunu deyib.
O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına davamlı diqqət ayrıldığını vurğulayıb və göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyələrimizi qorumağın vacibliyini vurğulayan Fuad Nağıyev Agentliyin tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək üçün kompleks işlər aparıldığını qeyd edib.
Agentlik sədri formalaşan turizm sənayesinin üzvlərinin müxtəlif assosiasiyalarda birləşməsinin müsbət hal kimi qiymətləndirərək bu cür ictimai təşəbbüslərin vacibliyini bildirib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunaraq gələcək planlar və layihələr, qlobal, eləcə də regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.
O, “Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.
Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar keçiriləcək.
Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: İşgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzularını əhatə edəcək.
Tədbir zamanı turizm sahəsinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.
Aydan