Newscenter.az.1.05.2020. Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.
Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin edir və qoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür və bu istiqamətdə bütün səyləri dəstəkləyir.
Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədə dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icma üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi harmoniya və qarşılıqlı anlaşma mühiti hökm sürür.
Mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi regionun lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin, bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Müasir dövrdə dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. İlk dəfə Bakıdakı Heydər məscidində əsas ideyası bəşəriyyəti sülhə və həmrəyliyə çağırmaq olan müxtəlif məzhəblərə mənsub müsəlmanların birgə vəhdət namazı qılması, həmin məntiqlə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi dövlətimizin ümumbəşəri dəyərlərin qoruyucusu olduğunun göstəricisidir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dünyada sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Odur ki, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirakçı kimi səmərəli təklif və təşəbbüslərlə çıxış edir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə bu gün ölkəmiz sülhün və təhlükəsizliyin qarantı kimi sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoqla əlaqədar çox sayda beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilməklə yanaşı, həm də Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin beynəlxalq platformalarda təşviqinə geniş yer verilir.
Ötən il də bu baxımdan istisna təşkil etməmişdir. Belə ki, dünyanın tanınmış dini liderlərinin iştirakı ilə 2019-cu ildə keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair qəbul edilmiş Bakı Bəyannaməsində Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, dövlət-din münasibətlərinin formalaşmasına, sivilizasiyalar və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulanmışdır. Tədbirin yekununda Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması, o cümlədən ölkəmizin dövlət-din modeli beynəlxalq səviyyədə bir daha yüksək qiymətləndirilmişdir.
Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsi, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərlərinin dünya miqyasında tanıdılmasının bariz nümunəsidir.
Hazırda ölkəmizdə 941 dini qurum qeydiyyatdan keçmişdir ki, konfessional baxımdan onlardan 906-sı İslam, 35-i qeyri-islam (xristian-24; yəhudi-8; krişna-1; bəhai-2) təmayüllüdür. Ölkə ərazisində 2250 məscid var, habelə 14 kilsə və 7 sinaqoqla yanaşı, onlarla dua evi fəaliyyət göstərir.
Mütəmadi olaraq hər il dövlət başçısı tərəfindən dini konfessiyalara ayrı-seçkilik qoyulmadan maliyyə yardımı ayrılır. Həmin vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işi daha da gücləndirilir, dini icmalar tərəfindən müxtəlif layihələr həyata keçirilir. Həmçinin ibadət ocaqları dövlət tərəfindən təmənnasız təbii qazla təmin edilir.
Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyəti ilə fərqlənmiş, milli maraqlarımızın təmin olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına yönəlmiş siyasət həyata keçirmişdir. Bu baxımdan Dövlət Komitəsi də müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların nümayəndələri ilə görüşlər keçirir, konfranslar təşkil edir. Eyni zamanda, ayrı-ayrı beynəlxalq qurumların və xarici ölkələrin dərc etdiyi hesabatlar yaxından izlənilir və təhlil olunur.
Təəssüf ki, bəzi beynəlxalq və xarici təşkilatlar bir sıra hallarda ölkəmizdəki dini vəziyyətlə bağlı ya qərəzli münasibətdən, ya da məlumatsızlıqdan irəli gələn, fakta əsaslanmayan, yanlış məlumatlar yayırlar. Halbuki, Dövlət Komitəsi həm ölkə daxilində, həm də xaricində keçirilən tədbirlərdə, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrində Azərbaycanda mövcud dövlət-din modelini, dini etiqad azadlığının qorunması və həyata keçirilməsi sahəsindəki real vəziyyəti mütəmadi işıqlandırır, eləcə də vaxtaşırı informasiyalar yayır.
Dövlət Komitəsinin əməkdaşlıq etdiyi xarici qurumlardan biri də ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasıdır. Hər il Dövlət Komitəsi bu təşkilatın yaydığı hesabatla bağlı öz mövqeyini bildirir.
Qeyd etmək lazımdır ki, ötən ilin iyul ayında ABŞ tərəfinin dəvəti ilə Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə ikinci Nazirlər Konfransına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti qatılmış, tədbir çərçivəsində Komissiya üzvləri ilə də görüş keçirmiş və fikir mübadiləsi aparmışdır. Eyni zamanda, cari ilin fevral ayında sözügedən Komissiyanın təmsilçiləri Azərbaycana səfər etmiş, Bakıda və Qubada dini durumla tanış olmuş, geniş məlumat əldə etmək imkanı qazanmış, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və digər dövlət qurumlarının nümayəndələri, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ yəhudilərinin Bakı dini icması və digər dini konfessiyaların rəhbərləri ilə görüşmüş, fikir mübadiləsi aparmışlar.
Həmin görüşlərdə onlara Azərbaycanda daim inkişafda olan dövlət-din münasibətləri, dinlərarası harmoniya, bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etmələri haqqında geniş məlumat verilmişdir. Həmçinin ölkəmizlə bağlı ayrı-ayrı vaxtlarda qurumun hesabatlarında yer alan düzgün olmayan informasiyalar barədə iradlar Komissiyanın diqqətinə çatdırılmışdır.
Bununla bərabər bildiririk ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının bu günlərdə dərc etdiyi hesabatında ötən il Azərbaycanda din sahəsində baş vermiş bəzi müsbət məqamların qeyd edilməsinə baxmayaraq, ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayişi bizi təəssüfləndirir. Hesabatda göstərilən məlumatlar əsasən real vəziyyəti əks etdirməyən, səthi və qeyri-dəqiq mənbələrə istinadən verilir ki, bu da qəbuledilməzdir.
Təəssüf ki, əvvəlki illərdə hesabata düşmüş bəzi təhrif olunmuş fikirlərə bu dəfə də yer verilmişdir. Bu, əsasən guya kimlərinsə dini əqidəsinə görə azadlıqdan məhrum edilməsi və hüquqlarının məhdudlaşdırılması ilə bağlı iddialardır. Halbuki, hesabatda adları çəkilən şəxslər dini əqidəsinə görə deyil, cinayət əməlləri törətdikləri üçün məsuliyyətə cəlb edilmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində təsbit olunduğu kimi, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının İnizibati Xətalar Məcəlləsində əksini tapmış “dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması” ilə bağlı məsələlər Dövlət Komitəsinin səlahiyyətinə aiddir və tərəfimizdən hansısa şəxsin dini əqidəsinə görə hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycanda heç bir vicdan məhbusu yoxdur, bütün hüquq və azadlıqlar, o cümlədən dini etiqad azadlığı qanunla tam qorunur.
Qeyd etmək lazımdır ki, Komissiyanın ölkəmizlə bağlı hesabatına qurumun üzvləri tərəfindən də münasibət birmənalı deyildir. Ötən il olduğu kimi, Komissiya üzvlərindən cənab Conni Mur hesabatda ölkəmiz barədə qeyri-obyektiv fikirlərlə razılaşmayaraq öz obyektiv mövqeyini ifadə etmiş və onun xüsusi rəyi hesabata salınmışdır.
C.Mur ölkəmizin adının hesabata daxil edilməsini düzgün hesab etməyərək bildirmişdir ki, Azərbaycan sünni və şiə din xadimlərinin birgə ibadət edə bildiyi, Yevangelist və Rus Pravoslav xristianların dini mərasimdə birgə iştirak edə bildiyi, əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, tərəqqi edən yerli yəhudi icmasının olduğu bir ölkədir. Göründüyü kimi, Azərbaycana aid hesabatdakı fikirlərə yekdil rəy mövcud deyil və bütün bunlar ölkəmizlə bağlı bəzi məlumatların dəqiq olmadığını göstərir ki, sözügedən Komissiyanın nümayəndələri özləri bu faktı etiraf edirlər.
Sonda təəssüf hissi ilə bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək məsuliyyətini üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası cari ildəki hesabatına da bəzi məsələləri araşdırmadan yenidən daxil etmişdir. Komissiya illərdir bu əsassız iddiaları yayır, yoxlanılmamış məlumatları təkrarlamaqda davam edir və biz hər dəfə bu iddianın əsassız olduğuna dair faktlar gətirməyə məcbur qalırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir.
Mehman