Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident və xanımı Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak ediblər



Newscenter.az.7.05.2020. Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşdülər.
Xəbəri paylaş