Newscenter.az.15.05.2020. Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən qida məhsullarının satışı məntəqələrində maarifləndirici monitorinqlər davam etdirilir.
Newscenter.az xəbər verir ki, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı maarifləndirici monitorinqlər keçirir.
Agentlik növbəti belə monitorinqi Bakı şəhərində fəaliyyət göstərən bir sıra bazar və ərzaq satışı məntəqələrində təşkil edib. Monitorinqlər zamanı bazarda çalışanlara və istehlakçılara əməl etməli olduqları tədbirlər, qoruyucu vasitələrdən istifadə qaydaları, dezinfeksiya edilməsi vacib olan sahələr barədə məlumatlar verilib. Bazarlarda yerləşdirilən xüsusi səsgücləndiricilər vasitəsilə istehlakçılara, eyni zamanda ərzaq satışı ilə məşğul olan şəxslərə metodiki göstərişlərin tələbləri çatdırılıb. Qoruyucu vasitəsi olmadan bazarda çalışanlara, eləcə də istehlakçılara əlcək və maskalar paylanılıb.
AQTA bir daha vətəndaşları koronavirusdan qorunmaq üçün ərzaq satışı məntəqələri və ictimai iaşə müəssisələrində diqqətli olmağa və tələb olunan qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Orxan