Newscenter.az.26.09.2020. Hüquqi dövlətdə pul və güc eyni zamanda yalnız dövlətin özündə olmalıdır, ayrı-ayrı şəxslərdə yox! Yəni, hər bir ölkədə pulu olan milyonçuların və milyarderlərin olması vacibdir. Ancaq o pulun səlahiyyəti olan şəxslərdə olması çox təhlükəlidir. Bu zaman, ölkədə dövlətçiliyə ciddi təhlükə yaradacaq məmur oliqarxiya təqəbəqəsi formalaşır ki, məhz belələri dövlətlə dövlətçilik etmək iddiasında olurlar. Çox təəssüflər olsun ki, Sovetlər İttifaqından çıxandan sonrakı uzun illər ərzində Azəbaycanda bu mənfi tendensiya hökm sürüb və dövlətimiz bu gün də onun acı nəticələrini görməkdədir. Düşünürəm ki, həmin mənfi tendensiyaların aradan qaldırılması ilə bağlı hazırki prosesinin gedişatı zamanı daha uğurlu və real nəticələrin əldə olunması üçün əvvəlki illərdə yol verilən bir sıra səhvlər təkrarlanmamalıdır. Ölkədə uzun illərdir ki, qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinə ciddi şəkildə riayət olunmalıdır.
Yüksək vəzifədə işləyən şəxslərin eyni zamanda digər yüksək vəzifələrdə təmsil olunmalarına yol verilməməlidir.
Yüksək vəzifə sahiblərinin yaxın qohumlarının da, eyni zamanda digər yüksək postlara yiyələnməsinin qarşısı mümkün qədər alınmalıdır. Uzun illər artıq ölkəmizdə bu bir ənənə şəklini almışdı ki, mütləq istənilən nazirin və ya digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin bir qardaşı və ya digər bir qohumu deputat olmalı, başqa bir qohumu icra hakimiyyəti başçısı, polis rəisi və yaxud da rayon rəhbərliyində digər bir vəzifədə təmsil olunmalıdır. Hətta hansısa bir qurum rəhbərinin tabeçiliyində yaxın qohumlarının fəaliyyət göstərməsinin hansı nəticələr doğuracağına təəccüblənməyin özü belə sadəlövhlükdür. Bu cür halların ciddi şəkildə sui-istifadə hallarına, qohumbazlıq, yerlibazlıq, korrupsiya və digər kütləvi qanunsuzluqlara səbəb olduğu da şübhəsizdir. Bu səbəbdən də düşünürəm ki, uzun illər ərzində ölkəmizdə məmur oliqarxiya təbəqəsinin formalaşmasında əhəmiyyətli rol oynayan bu cür qanunsuzluqların tam şəkildə aradan qaldırılmasına ciddi əməl olunmalıdır. Bu prosesə ciddi ictimai nəzarət də olmalıdır ki, ən xırda detallarda belə ciddi şəffaflığa əməl olunsun.
Xəyal Bəşirov-siyasi ekspert