Newscenter.az.18.01.2022. Bu gün kriptovalyuta “şar”ları 2 trilyon dollara qədər şişib, amma bir gün partlayacaq. Udanlar ən sonda sata bilənlər, uduzanlar isə son məqamda hələ də oynayanlar olacaq.
İnsanları kriptovalyutanın gələcəyinə əsas 3 yanlış səbəb inandırır.
1. İnsanların beyninə “Kriptovalyutanın arxasında mayninq kimi dəyər yaradan proses durur” kimi bir absurt fikrin yeridilməsi.
2. Bəzi yerlərdə (bank və digər alış-verişdə) kriptovalyuta ilə ödənişlərin qəbul edilməsi.
3. Tanınmış insanların (milyarderlərin) kriptovalyutalara investisiya etməsi (alması).
Başlayaq yalançı dəyərdən:
Mayninq ciddi xərc tələb edən proses olsa da bunun yaratdığı dəyər yoxdur. Yüksək texnalogiya və boşuna enerji sərfiyatının xərclənməsi hələ dəyərin yaradılması deyil. Bu sadəcə komedik təəssuratdır. Bu mənzərəni daha aydın təsvir etmək üçün yazımın sonunda “Qaçışçı və çəmənlik” misalı ilə aydın izah etməyə çalışacam.
O ki qaldı, kriptovalyuta ilə ödəniş məsələsinə...
Bəli, bəzi banklarda və ödəniş yerlərində kriptovalyutalardan ödəniş kimi istifadə edilməsinə də rast gəlinir. Bunu xüsusi avantaj kimi qiymətləndirmək böyük yanlışlıqdır. Dövriyyəsini artırmaq istəyən bank və ya digər subyektlər bunu düşünərək edirlər. Bu yolla onlar həm dövriyyəni (alış-veriş həcmini) artırır, həm də heç vaxt olmadığı kimi reklam olunur. Sonra da insanlardan qəbul etdiyi kriptovalyutanın konvertasiya edirlər. Yəni bunu edən banklar və digər şirkətlər hər dəqiqliyi hesablayır və təhlükəsiz xidmət diferensasiyası ilə risksləri idarə edir.
Yanlış inam yaradan üçüncü səbəb isə tanınmış milyarderlərin kriptovalyutaya investisiya qoymasıdır (almasıdır). Amma gəlin əvvəlcə baxaq görək, bu pul onun pulunun neçə faizidir. Bu onun ümumi vəsaitinin heç 1 faizi belə deyil. Adamın yüz milyardı var, yarım milyard kripto valyutaya pul xərcələyir. Bu cəmi 0.5% deməkdir, sanki, 100 dollardan olan adam 50 sent kriptovalyutaya xərcləyir. Onlar ağılsız deyillər, onlar bilir ki yarım milyard xərcləməklə kriptovalyutaya insanların inamı artıracaq və insanlar düşünəcək ki, əgər filan milyarder yarım milyard pul xərcləyirsə, onda mən niyə min manat xərcləməyim ki(?). Beləcə insanlar cidində olan 1500 dollardan 1000 dollarını kriptovalyutaya xərcləyir. Beləcə, həmin milyarder öz vəsaitinin 0.5%-ni xərcləməklə sadə insanlara vəsaitlərinin 66 faizini xərclətməyi bacardı və kriptovalyutaya tələbi artıra bildi, nəticədə kreptovalyuta əvvəlki dəyərindən 3 dəfə bahalaşdı. Bu zaman yarım milyard qoyan milyarder kriptovalyutasını sataraq, 1.5 milyard qazandı.
Beləcə ortada bir “xəyal məhsulu” var. Dəyəri sadəcə “inam”dan ibarətdir. Hələki dünyanın söz sahibləri üçün bu əlverişli alət olduğu üçün dövriyyəsi davam edir. İnsanlar “sabun köpüyü”nə 2 trilyon dollardan çox xərcləməsi həm də dünyanı idarə 3-5 nəfərə bu sərf edir. Qeyd edim ki, təkcə bu oyundan qazanan həmin 3-5 nəfər deyil. Orta ranqlı insanlar, hətta dövlətlər də yararlanır. Məsələn, dünən Salvador prezidenti bitkoini dövlətin rəsmi valyutasına çevirməyə qərar verib. Bu ölkə Şimali Amerikada yerləşir, əhalisi 7 milyondur. Qvatemalaya və Hondurasın qonşusudur. Adambaşına düşən nominal ÜDM-ə görə dünyada 146-ci yerdir. Ən bərbadı isə onun öz milli valyutası belə yoxdur. Bir sözlə ölkə “kripto şarları”ndan xilas yolu kimi istifadə etməyə qərar verib.
PS. Kriptovalyuta, onun yaradılması və satışı prosesini indi daha sadə bir bənzətmə ilə izah etmək istərdim:
Tamaşaçısı olmayan bir dağ çəmənliyi təsəvür edin. Bir qaçışçı tək başına bu çəmənlikdə qaçaraq dövrə vurur. Eləcə də dövrləri sayaraq, qeydiyyatını aparır ki, 1, 2, 3...1000 və s. Sonra da dövriyyələrin sayınını satır. İnsanlarda bunu alır. Beləcə bir qaçışçı kripto yaradır və satmağa başlayır. Sonra bu fəaliyyət genişlənir və getdikcə yeni qaçışçılar peyda olur. Onlar da qaçır və dövrlələrini 1 dollardan satmağa başlayır. İnsanlar da alqı-satqıya qoşulur. Daha çox inam qazanan “qaçışçının dövrləri” bahalaşmağa başlayır. Beləcə qaçışçılar və alıb-satanların sayı durmadan artır. Hər yerdə hamı bir-birinə “çəmənlikdəki dövlərin sayı”nı satır. Ən çox qazanan qaçışçılardır.
İndi gəlin təsəvvür edək ki, bir gün hamı aldığı “qaçış dövrləri”ni geri satmaq istəyəcək. Onda nə baş verəcək? Qaçışçılar havayı yerdən topladığı trilyonlarla dolları geri qaytaracaqmı? Qaytara biləcəkmi? Xeyr və xeyr! O zaman qaçışçılar nə edəcəklər? Onlar bu dəfə qaçmayacaq, buxarlanıb uçacaqlar. Və biz buna sabun köpüyünün partlaması deyirik.
Eldəniz Əmirov-iqtisadçı ekspert