Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəni Ukrayna böhranının həlli prosesindən kənarda saxlayan ABŞ əslində nə istəyir?



Newscenter.az.26.01.2022. Hazırda dünyanın siyasi gündəmini zəbt edən ən aktual mövzu Ukrayna ətrafında baş verən hadisələrdir. Görünən odur ki, Rusiya bu həssas məsələdə Qərbə heç bir kompromisə getmək niyyətində deyil. O da açıq şəkildə məlum olur ki, bu məsələdə Rusiya deyil, daha çox ABŞ və NATO tələsir. Hesab edirəm ki, bu mövzuya toxunarkən mütləqdir ki, artıq Qərblə Rusiya arasında açıq şəkildə qarşılıqlı ittihamların səsləndirilməsinə səbəb olan və hər ikisinin özü üçün qırmızı xətt hesab etdiyi Ukraynanın əhəmiyyətindən danışmaq vacibdir. Daha sonra isə Ukrayna böhranının həllində artıq bu prosesdə tərəfə çevrilən Qərbdən savayı digər aktorlar kimi, Türkiyənin və başqa dövlətlərin roluna da diqqət etmək lazımdır.

İlk öncə bu danılmaz bir faktdır ki, Ukrayna bir dövlət kimi coğrafi baxımdan çox strateji bir mövqeyə sahibdir. Ərazisinə görə Avropa qitəsinin bütün dövlətlərini qabaqlayan və 45 milyonluq əhaliyə malik Ukraynalı Rusiyanı Avropa dövləti və eyni zamanda dünyəvi dövlət hesab edən Zbiqnev Bjesinski, Ukraynasız Rusiyanı isə haqlı olaraq sadəcə sıradan bir Asiya dövləti kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, zamanında dünyaya meydan oxuyan həmin Ukraynanın da daxil olduğu Sovetlər Birliyinin ümumilikdə 7 rəhbərindən ikisi, onun ən güclü dönəmində otuz ilə yaxın ona rəhbərlik edən N.S. Xruşev və L.İ.Brejnev məhz Ukraynadan idilər. Bəlkə də tarixin ironiyasıdır ki, düz 60 il əvvəl, yəni 1962-ci ildə bütün dünyanın maraq və qorxu ilə izlədiyi və o zaman ABŞ-ın qapılarını döyən “Karib böhranı”nın SSRİ tərəfdən müəllifi Ukraynadan olan Xruşev idi. Bu gün isə həmin böhran Ukrayna ərazisində və daha təhlükəli vəziyyətdə cərəyan etməkdədir. Ukrayna həm də, Qərblə Şərqin, yəni Avropa ilə Asiyanın sərhədində yerləşməklə, həmişə Rusiyanın Avropaya açılan ən böyük qapısı olub. 2014-cü ildən başlayaraq həmin qapını Rusiyanın üzünə bağlamaqla Qərb Rusiyanın mövqelərini tam zəiflətmək və onu sadəcə bir Asiya dövlətinə çevirmək planını həyata keçirir. Buradan da görünən odur ki, 2014-cü ildə başlayan Ukrayna böhranı, Maydan hadisələri və yekunda Krımın və Donbasın Ukraynadan ayırılması əslində kimlərin maraqlarına xidmət edir. Ümumiyyətlə istənilən hadisənin, o cümlədən də siyasi proseslərin əslində kimin maraqlarına xidmət etdiyini bilmək üçün sadəcə həmin hadisələrin nəticələrinə diqqət etmək kifayətdir. Yeri gəlmişkən bu düsturu elə bu ilin və ayın əvvəlində baş verən Qazaxıstan hadisələrinin nəticələrinə də şamil etmək olar.

Təbii ki, Rusiya kimi nəhəng və hərbi baxımdan çox güclü olan bir oyunçu da onun üzünə bağlanan qapını əvvəlcə var gücü ilə açmağa çalışsa da, sonradan bunun əbəs olduğunu anlayıb özü də arxa tərəfdən bu qapını daha möhkəm bağlamağa qərar verdi. Beləliklə də Ukrayna böhranı hazırki çox təhlükəli və həssas bir nöqtəyə gəlib çıxdı. Bu planın hələ uzun illər olduğunu isbat etmək heç də çətin deyil. 2008-ci ildə Buxarest sammiti zamanı ABŞ-ın təşəbbüsü ilə Gürcüstanla yanaşı Ukraynanın da NATO-ya qəbul ediləcəyi barədə qərar qəbul edildi. Hazırda həm Gürcüstanın, həm də Ukraynanın Rusiya ilə çox ciddi problemlərinin olmasına baxmayaraq onlar hələ də NATO-ya qəbul edilməyiblər. Hadisələr olnu göstərir ki, bundan sonra da NATO-nun bu istiqamətdə genişlənəcəyi real görünmür.

ABŞ-ın və NATO-nun Rusiya ilə Ukraynaya görə müharibəyə girəcəyi də mümkünsüzdür. Çünki hazırda demoqrafik və ailə problemi yaşayan Avropa ölkələri ikinci dünya müharibəsindən yaxşı dərs aldılar. İnsanlarının ən məhsuldar təbəqəsi olan gənclərinin böyük hissəsini faşizmlə müharibədə itirən Avropa bu gün də onun acı nəticələrini yaşamqdadır. O zamandan sonra baş verən hadisələr də bunu göstərir. 1949-cu ildə yarandığı gündən bu günə qədər heç bir aktiv müharibəyə qoşulmayan NATO-nun bundan sonra da, xüsusilə də Rusiya kimi hərbi nəhənglə müharibəyə girməsi ehtimalı demək olar ki, mümkünsüzdür. Həm yenidən gənclərini və mülki əhalisini qırğına verməyi, ərazilərinin müharibə meydanına çevrilməsini ağlının ucundan keçirməyən Avropa, hələ ki, onun bazarlarında xüsusi əhəmiyyətli çəkisi olan Rusiya qazı ilə bağlı amili də gözdən qaçırmır. İstənilən toqquşma halında baş verəcək müharibə meydanından okean vasitəsi ilə qorunan ABŞ-dan fərqli olaraq Avropa haqlı olaraq bu amilləri ciddiyə alır. Elə məhz buna görədir ki, Avropanın aparıcı dövlətləri ilə ABŞ arasında Ukrayna məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Bunu Rusiya da çox gözəl anlayır və bütün bunları nəzərə alıb istənilən sanksiyanın olacağına baxmayaraq heç bir kompromisə getməyəcəyini açıq şəkildə nümayiş etdirir.

Böhranın hazırki mərhələdə köklü həlli mümkün olmasa da, mümkün qədər yumşaldılması və həlli istiqamətində yönləndirilməsinə bu prosesdə artıq tərəfə çevrilmiş ABŞ-ın nail olacağı da real görünmür. Çünki, ABŞ kənardan problemin həllinə çalışmaq əvəzinə, artıq çoxdan bütün maraqlarını açıq şəkildə bəyan etməklə özünü münaqişənin qütbü edib. Bu prosesin həlli üçün mümkün qədər neytral mövqe sərgiləyən beynəlxalq aktorlara ehtiyac var. Bu aktorlardan biri də artıq dünyada əhəmiyyətli söz sahibinə çevrilən Türkiyədir. Təbii ki, Türkiyə regionda və yaxın ətrafda sülhün və təhlükəsizliyin qorunması üçün özünün təşəbbüsü ilə Rusiya və Ukrayna arasında gərginliyin azaldılmasına və mümkün qədər qarşıdurmanın qarşısının alınmasına çalışır. Hətta yenicə ərazilərinin işğalına son qoymaqla otuz illik münaqişəni tarixə qovuşduran Azərbaycanın da bu prosesə töhvə verəcəyi real görünür. Çünki həm Rusiya ilə, həm də Ukrayna ilə güclü əlaqələrə malik olan, özü də uzun illər analoji problemdən əziyyət çəkən Azərbaycan da, təkcə regionda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin prinsipial tərəfdarlarından biridir. Ancaq görünən odur ki, ABŞ və onun bir sıra tərəfdarları prosesə fərqli yanaşma sərgiləyirlər. ABŞ Prezidenti Cozef Bayden bazar ertəsi Ukrayna böhranı ilə bağlı təcili onlayn görüşə Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının, NATO-nun rəhbərlərini və Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa liderlərini dəvət etsə də, ötən ilin dekabrındakı “Demokratiya zirvəsi”nə olduğu kimi Türkiyəni dəvət etməmişdi. Bu addımı, ABŞ-ın belə əhəmiyyətli məsələlərdə ya Türkiyəyə etibar etmədiyindən və ya aralarında ciddi fikir ayrılığının olmasından xəbər versə də, hər bir halda onun Ukrayna böhranının həlli istəyi ilə bağlı mövqeyini də bəyan edir.


Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Xəbəri paylaş