Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələri arasında hərtərəfli əlaqələrin təmin edilməsində mühüm rol oynayır

İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələri arasında hərtərəfli əlaqələrin təmin edilməsində mühüm rol oynayır


Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, mövcud əlaqələri daha dərinləşdirir, bir sıra əhəmiyyətli layihələr reallaşdırır.

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi.

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İƏT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İƏT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İƏT konfransları Ermənistan- Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

Təşkilat, həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.

İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə hər zaman dəstək verməklə yanaşı, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması porsesinə də dəstək verir. Belə ki, İƏT-in vaxtaşırı keçirilən mötəbər tədbirlərində qəbul edilən qətnamələrdə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək ifadə olunur. Vurğulamaq yerinə düşər ki, bu sənədlərdə Xocalı faciəsinin “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilməsi öz əksini tapıb. Ölkəmizin uzun müddət yüksək səviyyədə əməkdaşlıq etdiyi təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Təşkilatın Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı 4 yeni qətnamənin qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı xüsusi əhəmiyyətə malikdir. İslam Əməkdaşlıq Təşkilatının 4 yeni qətnamə qəbul etməsi Azərbaycanın haqlı mövqeyini dəstəklənməsinin göstəricisidir. Qəbul edilən qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında, saxta erməni təbliğatının qarşısının alınmasında böyük rol oynayacaq. Bu qətnamələr beynəlxalq miqyasda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin və ölkəmizin İslam dünyasındakı nüfuzunun göstəricisidir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici və diplomatik siyasətin nəticəsidir.

Azərbaycan-İƏT münasibətlərində sosial-iqtisadi və ictimai-siyasi sahədə əməkdaşlıqla yanaşı, Ermənistanın ölkəmizə təcavüzünün pislənməsi, işğalçının ifşa olunması, Azərbaycanın haqq səsinin islam aləminə, bütün dünyaya çatdırılması yönündə İƏT-ə üzv dövlətlərin səfərbər edilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, birmənalı şəkildə demək olar ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə müsəlman ölkələri arasında hərtərəfli əlaqələrin təmin edilməsində mühüm regional qurum kimi əvəzsiz rol oynayır.

Yeni Azərbaycan Partiyasının fəalı Ülviyyə Abdullayeva
Xəbəri paylaş