Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin “tazıya tut, dovşana qaç” siyasəti

Qərbin “tazıya tut, dovşana qaç” siyasəti


Ukrayna ordusu yaxın vaxtlarda silahlar alacaq və intensiv əks-hücuma başlayacaq.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Nə vaxt kifayət qədər silah alacağıq? Yaxın vaxtlarda. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün də əks-hücumlarımız var. Amma ehtiyacımız olan hər şeyi əldə edən kimi daha da gücləndiriləcək", - o deyib.

Podolyak vurğulayıb ki, Ukrayna artıq tərəfdaşlarından silah almağa başlayıb.

"Ancaq bu, zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir", - Podolyak əlavə edib.

Müşavirin sözlərinə görə, Rusiya siyasi elitası təbliğatdan uzaq qalıb, reallıqları qəbul etdikləri zaman danışıqlar mümkün olacaq.
Məlum olduğu kimi, tərəflər arasında müharibə artıq 100 gündən çoxdur davam edir. Müxtəlif politoloqların, siyasi təhlilçilərin mövqeləri fərqlidir. Bəziləri düşünür ki, Qərb Rusiyanı zəiflətmək üçün bu oyunu qurdu və indi Kiyevin əli ilə Moskvanı idarəolunan duruma salmaq istəyir. Bir qrup analitik isə iddia edir ki, ABŞ-la Rusiya arasında gizli razılaşma var və məqsəd Ukraynanı aralarında bölməkdir.

Hər iki ehtimal mümkündür. Dəqiq olan isə proseslərin "rejissorunun" Qərb olmasıdır. İstənilən halda müharibənin nəticəsi nə Moskvaya sərf edəcək, nə də Kiyəvə. Əvəzində Qərbin maraqları təmin olunacaq. Görünən odur ki, Qərb müharibənin bitməsində yox, əksinə, uzanmasında maraqlıdır. Məqsədin Rusiyanın zəifləməsi, yaxud Ukraynanın bölüşdürülməsi olması ikinci dərəcəli məsələdir. Daha əhəmiyyətli odur ki, Qərb "tazıya "tut", dovşana "qaç" deyir. Podolyakın dedikləri, kollektiv Qərb haqqında səsləndirdiyi tənqidlər də bunu deməyə əsas verir. Əgər ABŞ və müttəfiqləri, həqiqətən, savaşın bitməsində maraqlı olsa idi, Ukraynaya silah vermək əvəzinə, diplomatik həll yolu tapmağa çalışardı. İkinci bir tərəfdən Ukrayna rəsmiləri bildirirlər ki, silahların çatdırılması gecikir. Əlbəttə, Qərb istəsə, Ukraynaya elə silahlar verər və bunu o qədər sürətlə edərdi ki, savaşın taleyi birdəfəlik həll olardı. Amma istəmir. Qərb Kiyevə sadəcə Moskvaya müqavimət göstərə biləcək qədər silah verir.

Kreml başa düşməlidir ki, hətta Ukraynanın bölüşdürülməsinə dair Vaşinqtonla gizli razılıq olsa belə, müharibə onun üçün ağır nəticələrə səbəb olacaq. Rusiya artıq sivil dünyadan təcrid olunur. Ayrı- ayrı beynəlxalq təşkilatlar şimal qonşumuzu öz aralarında görmək istəmirlər. Doğurdanmı, bütün bunlar sadəcə "şou" dur və savaş bitəndən sonra rəsmi Moskvanın dünya siyasətindəki yeri bərpa olunacaq? Ağlabatan deyil. Çünki bu zaman Qərb öz ikiüzlülüyünü növbəti dəfə ortaya qoyacaq və planları bumeranq effekti verəcək.

Kiyev və Moskvanın hələlik danışıqlara yaxın durmaması üçün, böyük ehtimalla Qərbin birbaşa və ya bilavasitə təsiri ilə bağlıdır. Amma həm Ukrayna, həm də Rusiya hakimiyyəti bu həqiqəti anlamalı, reallığı qəbul etməlidirlər. Zelenski və Putin bilməlidirlər ki, savaşın uzanması dövlətlərdən heç biri üçün arzuolunan nəticəyə səbəb olmayacaq. Bəlkə də, bunu başa düşürlər, amma daha geri çəkə bilmirlər. Çünki artıq “ox yaydan çıxıb”.

Bütün hallarda hər iki tərəfin daha konstruktiv mövqe sərgiləmələrində və vasitəçilərin, xüsusilə Türkiyənin təşəbbüslərini qiymətləndirməkdə fayda var. Əks halda Qərbin planının nə- Rusiyanı məhv etmək, yoxsa Ukraynanı parçalamaq- olmasından asılı olmayaraq, hər iki tərəf uduzacaq və Qərbin Şərqi Avropadakı mövqeləri güclənəcək. Bu isə daha ciddi təhdidlər deməkdir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş