Bir gün əvvəl Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri adekvat cavab tədbirləri görüblər.
Adətən Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli təmaslardan, o cümlədən prezidentlərin və xarici işlər nazirlərinin görüşlərindən sonra belə təxrtibatlar baş verir. Bu mənada sonuncu provokasiya da təəccüblü deyil. Bu, hər şeydən əvvəl əlaqələrin normallaşmasına qarşı sabotaj cəhdi kimi qiymətləndirilməlidir.
Məsələ ondan ibarətdir ki, bu, ilk belə hal deyil. Əvvəllə də dəfələrlə oxşar durumlar təkrarlanıb.
Təxribatları Ermənistan hərbi-siyasi hakimiyyətinin də, tərəflər arasında normallaşma əlaqələrinə mane olmaq istəyən üçüncü qüvvələrin, o cümlədən Rusiyanın da törətməsi mümkündür. Lakin istənilən halda məsuliyyəti rəsmi İrəvan daşıyır. Əgər Ermənistan baş naziri Nikol Paşinyan bu məsuliyyətdən azad olmaq istəyirsə, siyasi iradə nümayiş etdirməlidir. O, başa düşməlidir ki, istənilən sabotaj cəhdi etimad mühitinə zərbə vurur. Bu isə ən çox Ermənistanın özünə ziyandır.
Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başladığı vaxt adətən düşmənin təxribatlarının intensivləşdiyi dövrə təsadüf edir. 44 günlük Vtəən müharibəsində də belə olmuşdu. Əslində həm İrəvan, həm də onun havadarları bu faktdan dərs çıxarmalı və başa düşməlidir ki, odla oynamaq olmaz.
Dediyimiz kimi, təxribatları kimin- Ermənistan hərbi –siyasi hakimiyyətinin və ya üçüncü tərəflərin törətməsinin bizim üçün ciddi fərqi yoxdur. Biz öz işimizi görəcək, adekvat cavablar verəcəyik.
Cənubi Qafqazda sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması rəsmi Bakının prioritetidir. Bunun üçün İrəvana dəfələrlə çağırış edilib. Niyyətimiz hər kəsə, eləcə də region ölkələrinə bəllidir. Biz dövlətçilik və milli maraqlarımızın təmin olunması istiqamətində uğurlu addımlar atmaqla yanaşı, həm də istənilən maneəni dəf etməyə hazırıq. Ərər sabotaj cəhdləri davam edərsə, Azərbaycan ordusu Xankəndiyə girməyə, Qarabağdakı qanunsuz hərbi birləşmələrini ərazidən çıxarmağa məcbur olacaq. Ermənistan və onun havadarları bunu istəmirlərsə, Prezident İlham Əliyevin dediyi kimi, odla oynamamalıdırlar.
Kənan Novruzov-siyasi ekspert