Bəhruz Məhərrəmov: "Azərbaycanın Avropada artıq yaşıl artım ölkəsi kimi tanınmağa başlamasıdır"
Prezident İlham Əliyevin Buxarestə işgüzar səfəri və “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” in imzalanması ölkəmizin beynəlxalq güc kimi önəmini daha da artırdı. Sirr deyil ki, hazırda istənilən dövlət üçün təhlükəsizlik konsepsiyasının ən mühüm aspektlərindən biri, dinc dövrdə isə birincisi enerji təhlükəsizliyidir. Qeyd edilən sazişin imzalanması ilə Azərbaycan faktiki olaraq Gürcüstan, Rumıniya və Macarıstan dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olmaqla, həm də bu ölkələrin, o cümlədən Avropa İttifaqının milli təhlükəsizliyinin qarantoruna çevrilmiş olacaq.
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Avropanın 3 inkişaf etməkdə olan vacib ölkəsi ilə bu səviyyədə münasibət, ayrı-ayrı beynəlxalq mexanizmlərdə birgə faəliyyətdə, habelə eyni mövqedən çıxış etməklə maraqların qorunması baxımdan çox əhəmiyyətlidir:
"Çünki Tiflis, Budapeşt və Buxarest milli təhlükəsizliyində önəmli rol oyanayan Azərbaycanın mövqeyinin güclənməsinə özünün məsələsi kimi baxmalıdır. Digər tərəfdən, heç şübhəsiz ki, Azərbaycan mövcud əməkdaşlıq formatını yalnız bu üç ölkə ilə məhdudlaşdırmayacaq. İmzalanma mərasimində Prezident İlham Əliyev özü də açıq formada bəyan etdi ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Digər vacib məqam isə qurulan infrastrukturla bağlıdır. Daha dəqiq desək, əgər Orta Asiya ölkələri, yaxud Çin Qərbə elektrik enerjisi ixracı barədə düşünsə hansı ki, düşündüyünü də ehtimal etmək çətin deyil, artıq mövcud infrastruktur Azərbaycanı həm də mühüm tranzit haba çevirəcək.
Deputat hesab edir ki, prosesin digər mühüm aspekti isə ixracın özü ilə bağlıdır:
"Birincisi, elektrik enerji ixracını zəngin ehtiyatlara malik olduğumuz neft-qaz nəqli ilə eyniləşdirmək olmaz. Elektrik enerjisi, xüsusən yaşıl enerji tükənməz mənbədən əldə edilir, neft və qazdan fərqli olaraq daimi gəlir deməkdir.
İkincisi, elektrik enerjisi idxal edən hər bir ölkədə bu və ya digər formada enerji istehsalını təmin etmək mümkündür, lakin enerji infrastrukturun qurulması ciddi vəsaitlə yanaşı, həm də siyasi iradə tələb edir. Bu gün reallıq odur ki, Azərbaycan cənab İlham Əliyevin timsalında mövcud iradəni nümayiş etdirərək enerji nəhənginə çevrilə bilib. Elə bu məqamda başqa bir reallığı da xüsusi qeyd etməliyik, sirr deyil ki, cəmi 25 il əvvəl Azərbaycanın özündə elektrik enerjisi defisiti var idi, kəndlərə gündə bir neçə saat elekterik enerjisi verilirdi və hətta şəhərlərimizdə belə elektrik təhcizatında ciddi fasilələr müşahidə olunurdu. Amma bu gün biz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü tədbirlərin nəticəsində həmişə inkişafın ali mərhələsində hesab etdiyimiz Avropa üçün elektrik təhcizatçısına çevrilməkdəyik".
Bəhruz Məhərrəmov deyib ki, Buxarest Sazişinin çox mühüm siyasi aspektlərindən biri isə Azərbaycanın Avropada artıq yaşıl artım ölkəsi kimi tanınmağa başlamasıdır:
"Yəni, Prezident İlham Əliyevin fəaliyyətində ekoloji məsələlər yalnız siyasi bəyanatlarda ifadə olunmaqla kifayətlənilmir. Məsələn, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq yaxın 10 il üzrə Azərbaycanın özünün milli prioriteti kimi rəsmən təsdiqlənib, eyni zamanda yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanı planetar yaşıl təşəbbüskar, bu istiqamətdə aparıcı dövlətlərdən biri mövqeyinə yüksəltməkdədir".
Anar