Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda boşanma hallarında artım tendensiyası müşahidə edilir. Əsasən gənc ailələrdə daha çox boşanma halı baş verir.
Bir qayda olaraq isə boşanmalar zamanı tərəflər arasında əmlak bölgüsündə problemlər yaşanır. Heç bir tərəf mülk məsələsində qarşı tərəfə güzəştə getməyə maraqlı olmur ki, bu da bəzən aylarla məhkəmə prosesinin davam etməsinə gətirib çıxarır. Yaxud tərəflərdən biri, daha çox qadın tərəf heç bir hüquqa və məntiqə sığmayan istəklər səsləndirir, nələrisə tələb edir. Bəs, görəsən nigaq müqaviləsi pozulub tərəflər ayrılmaq barədə qərar verdiyindən əmlak necə bölünür? Ümumiyyətlə, hansı əmlak məhkəmə predmetinə çevrilərək tərəfələr arasında bölünə bilər?
Newscenter.az-ın xəbərinə görə, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onun sözlərinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. daxildir:
“Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir”.
Vəfa Qədirova onu da diqqətə çatdırıb ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
İnqilab