Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhərrəmlikdə toy etmək olarmı?

Məhərrəmlikdə toy etmək olarmı?


Bu suala cavablar hələ də axtarılır. İllərdir müzakirə edilir, hətta bəziləri çox irəli gedərək İmam Hüseyn (ə) şəhadətini cəmi bir gün Aşura günü qeyd edilməsini təklif edirlər. İslam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Bununla bağlı heç bir fətva yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: “şəriət nöqteyi-nəzərindən Məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil”

Eyni zamanda da Azərbaycan Respublikasının qanunları da bu ayda toy etmək istəyənə qadağa qoymur. Azərbaycan dünyəvi dövlətdir və buna baxmayaraq, müəlman ölkəsidir. İslam dininin təlqin etdiyi bir sıra mühüm günlər, tarixlər var ki, onlara əməl edilir - Ramazan, Qurban bayramları və eləcə də, İslam Peyğəmbəri Məhəmmədin (s) ailəsindən olan müqəddəs şəxslərin doğum və şəhadət tarixləri. Bizim qanunlar bu İslam dinin təlqin etdiyi günlərdə insanlara mütləq qadağalar qoymur, dövlət olaraq bu günləri qeyd edir, qeyri iş günləri olur, bayramdırsa dövlət büdcəsindən bütün işçilərə mükafatlar yazılır, rəsmi qurumlar və hər kəs öz istəyinə uyğun addımlar atırlar, qurban kəsirlər, oruc tuturlar və sairə. Lakin bizim qanunlarla bu seçim azadlığı üzərində icra edilir. Məcburiyyət yoxdur və kiməsə də qarşı təyziq edilmir.

Eləcə də Məhərrəm ayında dövlət qanunları insanlara seçim azadlığı verir. Əlbəttə, bu ayda toy edənlər də olur, ad günləri keçirənlər də və s. Yəni bu, insanın öz seçimidir və hər hansı dəyərlərə verdiyi qiymətidir. Ona görə də hesab edirəm ki, insan Məhərrəm ayında şadyanalıq edib-etməməsini öz təfəkkürü ilə seçməlidir və dövlət də bu təfəkkürə qanunlar çərçivəsində azadlıq verir.

Bəzilərinin iddia etdiyi kimi Məhərrəmlik “haram ay” demək deyil. Şəxsən mənə görə bu ay ədalətin zülm üzərində qələbə çaldığı aydır və harama aidi yoxdur. İllərdir hansısa savadsız dindarların uydurduğu qadağalar var... Məhərrəlik ayında xanımlar boyadan, xınadan istifadə etməli deyil, kişilər də qara geyinməlidirlər. Bu uydurma qadağalar sonradan İslama digər uydurma adətlərlə gəlibdir. Hətta bəziləri lap irəli gedib deyirlər ki, “Məhərrəmlikdə, səfər ayında toy eləsəm, bəla gələcək”. Fikir verin cəhalətin gücünə, əsrlərdir də insanları buna inandırmağa çalışıblar, yuxarıda qeyd etdiyim kimi İSLAM insanların ailə qurması, kəbin kəsdirməsinə QADAĞA qoymayıb. Bunu iddia edənlər isə insanların cahilliyindən sui istifadə edirlər. Əslində bunu iddia edənlər İslamın peyğəmbərinin dediklərini də şübhə altına alırlar. Nikah və evlənmə məsələsi İslamda iqtidarı olanlara vacib əmr olunub. Peyğəmbər də özünə, övladlarına toy edib. Vacib bir əməli isə təxirə salmaq olmaz.

Məhərrəmlik ayında toyun qadağan edilməsinin tarixi fars (tacik)lərin 12-ci əsrdən sonra regiona təsirindən sonra yaranıb. Farslar(taciklər) şahları öləndə ona yaslar saxlayıb ömür boyu o tarixlərdə xeyir iş etməzdilər. İslamda isə millətlərin ənənəsi yox, Qurani Kərimdə nə əmr buyurulursa əsas o da götürülür. Azərbaycanda din xadimi kimi özünü tanıdan Hacı Surxayın "Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq" fikirləri də Qurana və ALLAHA ziddir və onun bu sözləri İslamın mənəvi və müsbət dəyərlərinə kölgə salır.

Bəli, Məhərrəmlik ayında Peyğəmbər (s) əfəndimizin varisi İmam Hüseyn (ə) şəhid edilib. İmam da İslam aləmi üçün əziz insandır. Xatirəsi sevilən, şəxsiyyətinə hörmət edilən. Şəxsən mənim, bir alim kimi ideallarımdan biri də İmam Hüseyn(ə)dir. Çünki mənim tədqiqatlarım və nəticəsinə gəldiyim həqiqət budur ki, Kərbala hadisəsi azadlıq və quldarlıq arasında bir mübarizədir. Dünyada ağalığıa, quldarlığa qarşı yüzlərlə etiraz edib mübarizələr olub, İmam Hüseyn(ə) isə bunların ən yadda qalanıdır. Çünki bu mübarizə Ədalətin bərpa edilməsi üçün başlanmış idi, hakimiyyət davası deyildi əkslərinin iddiasına əksi olaraq. Azərbaycanda da tarix boyu aparılan müharibələrdə İmamın Azadlıq və Ədalət uğrunda apardığı mübarizəni yaşadan insanlar torpaqlarımız uğrunda canlarındna keçib şəhid olublar. Biz bunu tarixin bütün dövlərində və 44 günlük müharibədə də gördük. Bu sevgini 1400 il silmək olmayıb, olmayacaq da. Mən birinci və ikinci Qarabağ müharibələrində şəhid olan əsgərlərin dilindən İmama aid “Həqiqətən həyat – əqidədən və bunun uğrunda mübarizə aparmaqdan ibarətdir.” Sözlərini çox eşitmişəm.

Dinc mübarizə ilə qul xalqını azad insanlara, işğalda olan torpaqları müstəqil dövlətə çevirən Mahatma Qandi öz çıxışlarının birində hind xalqına belə söyləyir: “Mən sizlərə ən gözəl və ən qiymətli bir şeyi ərməğan edirəm. Müqəddəs İmam Hüseyn (ə.s.) Azadlığını!”

Məhz buna görə də İmam Hüseyn (ə) İslamın bütün təriqətlərində sevilir, xatirəsi əziz tutulur.
Şəxsən mənə görə Məhərrəm ayı yas və hüzur ayı deyil. Məhərrəm ayı qanın qılınc üzərində qələbəsi ayıdır. İmam Azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi…

Məhz bu səbəbə görə də Azərbaycanda tarix boyu insanlar Məhərrəmlik ayını qeyd edirlər, fars (tacik) idealogiyasının təsiri altına düşməyən insanlar, cahil olmayan insanlar, xurafat altında olmayan insanlar.

Azərbaycan xalqı daim Peyğəmbər(s) Əhli-Beytinə(ə) məhəbbət bəsləyirdi. Elə bu səbəbdən Əməvilərin zamanında xilafət sistemi imperiya sistemi ilə əvəz olunduqdan sonra Azərbaycan müxtəlif qiyamların mərkəzi olmuşdu. Bir çoxu bu qiyamları İslam əleyhinə olduqlarını yazsa da məsələ şübhəli olaraq qalır. Çünki, əsasən İslam tarixi xəlifələrin saray salnaməçiləri tərəfindən yazılmış və onlar xəlifənin zülmünə qarşı bütün qiyamları İslam əleyhinə üsyan kimi qələmə verirdilər. Həmçinin xəlifə üsyankarların üstünə qoşun göndərəndə buna ideoloji əsas vermək üçün saray müftiləri üsyankarların kafir olduğu barədə fətvalar verirdi. Bu baxımdan saray alimlərinin düzgünlüyü şübhə altındadır. Hədis alimlərinin yazdığına görə, İmam Sadiq(ə) daima deyirdi: “Azərbaycan bizə lazımdır.” Hədis alimləri Peyğəmbər (s) dilindən "Azərbaycan Yer kürəsinin Cənnətidir” sözünün olmasını da iddia edirlər. Tarixə nəzər salsaq Rusiya imperiyasının işğalına qədər kütləvi, işğaldan sonra isə açıq və gizli şəkildə Məhərrəmlik ayı Azərbaycanda qeyd edilib. Zəncir vurmadan, baş yarmadan, müqəddəs yerlərə dizin dizin sürünmədən, boğazlarına zəncir vurmadan, “Mən filankəsin itiyəm” demədən İslam qaydalarına uyğun təzziyə məclisləri keçirilib. Baş yarmaq, zəncir vurmaq və digər yad elemetlər İslama İranda Türk xəndənanın dağılıb yerində farsların (taciklərin) gəlməsindən sonra başlayıb.

Mən fars (tacik) idealogiyasının əsiri olanlara daima demişəm. Sən hardan biləsən İmam Hüseyn Yezidə niyə Yox dedi! Sən hardan biləsən Kərbəlada on gün səhrada o 80 nəfərdən çox insan nə zülmlər çəkdi! Sən hardan biləsən döyüşə başlayıb Ya Allah deyən o insanlar canlarını nə üçün qurban verdilər!! Sən hardan biləsən ki, başı kəsilən İmam Hüseyn (ə) nə üçün kimin üçün ölümü seçdi!! Eh Sən bunu hardan biləsən axı..
Buna görə də bizim xalqımız Məhərrəmlik ayında toyu İmama xatir etmirlər. Bunun qadağa yaxud təyziqlə yox, sırf ona olan sevgiyə görə etmirlər. Bəli, toy etmək, evlənmək, insan nəslini artırmaq Allahın bizə verdiyi ən böyük nemətdir. Və o böyük neməti bizim təxirə salmağımız düzgün deyil. Kim edəcəksə də biz İmam Hüseyn (ə) sevgisi ilə yaşayanlar onlara “xöşbəxt olun, allah sizi qiyamət gününə qədər bir, sağlam övlad və xoş günlər yaşamağı arzu edirik.” Deyirik.

Allah İnsanları fərdi yaradıb, hər kəsə müstəqil ağıl, təfəkkür, düşüncə və seçim azadlığı verib. Kiminsə kiməsə qadağa qoymaq hüququ yoxdur. Çünki ALLAH bizə belə əmr edib. Hər kəsin Azadlığına və Seçiminə hörmət etmək. Əzizlərim kim istəyir toy etsin, kim istəyir etməsin. Bu insan azadlığıdır və seçim azadlığıdır. Ona görə bunu müzakirə etmək yersizdir.

Zaur Əliyev, dosent
Xəbəri paylaş