“Müxtəlif nazirlik və komitələrdə yaradılan İctimai Şuralarda monopoliya hökm sürür. Bu cür formalaşma və yanaşma üsulu ilə yaradılan İctimai Şuraların heç bir əhəmiyyəti, eləcə də cəmiyyət üçün xeyri yoxdur”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, İctimai Şuraların yaradılması zamanı yol verilən ən neqativ hallardan biri bir şəxsin bir neçə nazirlik və ya komitənin İctimai Şurasında təmsil olunmasıdır:
“Bəzən bir QHT rəhbəri hətta 10 İctimai Şurada təmsil olunur. Bu həm fiziki, həm də səmərəli fəaliyyət baxımından doğru yanaşma deyil. Bir digər problem kifayət qədər tanınan QHT sədrlərinin ayrı-ayrı nazirlik və komitələrin İctimai Şuralarına öz adamlarını seçdirməsidir”.
Analitik Qrup hesab edir ki, İctimai Şuralara seçkilərin keçirilməsi prosedurunda dəyişiklik edilməli, bir nəfərin 3 İctimai Şuradan artıq təmsilçiliyinə icazə verilməməlidir:
“Həmçinin, İctimai Şura üzvləri seçilərkən şəxsin və ya QHT rəhbərinin həmin sahə üzrə fəaliyyəti nəzərə alınmalıdır. Uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT rəhbərinin “Azəriqaz” və ya “Azərsu” ASC-nin İctimai Şurasında nə işi var?”
Anar Əliyev