Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Robert van den Berg: "Diaspora Komitəsi özləri tərəfindən “seçilmiş” insanlar, təşkilatlar qrupu ilə işləyir"

Robert van den Berg: "Diaspora Komitəsi özləri tərəfindən “seçilmiş” insanlar, təşkilatlar qrupu ilə işləyir"


Görünür, bu əməkdaşlıq hər iki tərəf üçün müəyyən mənada gəlirlidir

Dünyanın müxtəlif ölkələrində yaşayan, fəaliyyət göstərən bir sıra soydaşlarımızın sayəsində bəzi ölkələrdə özümüzə lobbi belə formalaşdıra, həmin ölkələrin ictimia-siyasi, elm adamlarına Azərbbaycanı sevdirə, onları haqq işimiz uğrunda mübarizəyə səfərbər edə bilmişik. Bu kimi müsbət hallar az olsa da, ümumilikdə yox da deyil və buna görə həmin diaspor təşkilatlarına təşəkkür düşür.

Niderlandda Azərbaycanın fəal təbliğatçısı, ölkəmizin böyük təəsübkeşi olan şəxslərdən biri də Birlikdə Güclüyük Fondunun həmsədri, beynəlxalq maliyyə üzrə mütəxəssis Robert van den Bergdir. Onunla söhbətimizdə Azərbaycan diasporunun bu günkü fəaliyyəti, lobbiçilik istiqamətində atılması vacib olan addımlardan danışdıq.

-Cənab Robert van den Berg, Siz uzun illərdir Azərbaycanın yaxın, onun fəal təbliğatçısı kimi tanınırsınız. Maraqlıdır ki, Azərbaycana olan sevginiz, ona olan marağınız haradan qaynaqlandı?

-Mən əslən azərbaycanlı deyiləm, amma azərbaycanlı sevgili xanımım İlkanə Goca əslən qarabağlıdır. Azərbaycan haqqında ilk dəfə xanımımdan eşitmişəm. Onların Qarabağda çəkdikləri əziyyətləri, ailəsinə itkin qardaşına görə vurlan yaraları öz yaram kimi hiss edirəm. Mən Niderlandda öz doğulub böyüdüyüm ata yurduma gedəndə xanımımın yarasını yadd edirəm. Axı o Ağdamda ata baba yurdunun ancaq xarabalığını, viranı qaldığını gördü. Mən bunu xanımımın çəkdiyi videolardan görmüşəm, amma kaş ki real həyatda da görə biləydim. Azərbaycanı xanımım üzündən tanıyıb milli dəyərlərini, adət ənələrini sevmişəm, tarixini oyrənmişəm, eyni zamanda yaralarına şərik olmuşam. Bununla da bir Holland olaraq Azərbaycanda və dünyada yaşayan bütün azərbaycanlılarla bağlı olduğumu hiss edir, bu dəyərləri, biliyi övladlarımızda da aşılamağın vacibliyini vurğulamaq istəyirəm. Mən də bu ölkəyə, mədəniyyətə sevgimi sevgili xanımım və uşaqlarımla hər gün bölüşürəm. Xanımım Niderland cəmiyyətinə tam inteqrasiya olduğu kimi mənim də Azərbaycan cəmiyyətinə inteqrasiyam mütləqdir. Biz uşaqlara Azərbaycan mədəniyyətini və dəyərlərini də öyrədirik. Bu yolda biz bütün azərbaycanlılarla, xüsusən də Hollandiyadakılarla həmrəyik. Mən də illərdir xanımımla çiyin-çiyinə bir çox sahələrdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərdə yaxından iştirak etmişəm, layihələri özüm maliyyələşdirib həyata keçirmişəm. Məsələn müxtəlif siyasi arenalarda, siyasi səviyyədə, eləcə də sosial səviyyədə Azərbaycan əsilli insanlarla yerli cəmiyyət arasında körpü olamaq istiqamətində layihələr reallaşdırmışam.

-Xaricdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlarla bilavasitə yaxından işləməkdə məsul olan müvafiq dövlət qurumunun yarandığı 20 ildən artıqdır ki, lobbiçiliyə keçməyin zəruriliyi bildirilir, lakin ortada ciddi bir nəticə yoxdur. Sizcə bu nəylə bağlıdır?

-Qeyd etdiyiniz təşkilat yəni – Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki bütün azərbaycanlılar arasında həmrəyliyin yaradılmasında, Azərbaycanın bir ölkə kimi müxtəlif xarici ölkələrdə layiqincə tanıdılmasında aparıcı rol oynamalıdır. Anladığıma və müşahidələrimə görə, Dövlət Komitəsinə Azərbaycan dövləti tərəfindən kifayət qədər vəsait ayrılıb və Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən yetərincə dəstək, tapşırıqlar və tövsiyyələr verilib. Ürək ağrısı ilə müşahidə edirik ki, Niderland Krallığında həmrəyliyə və ya yaxşı (siyasi) təbligata, həqqiqətlərin yayılmasına diqqəti çəkən şəkildə töhfə verən çox az işlər görülüb. Tramvayda hansısa bir reklam edib büdcədən gələn maliyyəni göyə sovurmaq dərdimizə çarə deyil. Dövlət Komitəsi hansısa ölkədə nəyə nail olmaq istədikləri barədə təsəvvürə malik olmalı, həmin ölkədə nəyin və necə işlədiyini bilməli, buna nail olmaq üçün məqsəd və addımları müəyyən etməli və bu addımları həyata keçirə biləcək, bununla da məqsədlərə nail ola biləcək yerli təcrübəli tərəfdaşlar/insanlar və təşkilatlar tapmalıdır. Siz həmçinin yerli partiyaları/insanları dinləməlisiniz, çünki onlar ölkədə nələrin baş verdiyini və məqsədlərə necə nail oluna biləcəyini daha yaxşı bilirlər. Hər bir ölkənin öz “oyun qaydaları”, təsir dairəsi yarada biləcək üsulları və mədəniyyəti var.

-Diasporla İş üzrə Dövlət Komitəsindən söz düşmüşkən, bu qurumun fəaliyyəti bir Azərbaycan sevdalısı, bir növ Azərbaycan lobbisinin təmsilçisi olaraq Sizi qane edirmi? Xüsusilə, bu qurumun Azərbaycanın fəal təbliöatçısı olan Robert van den Bergə münasibəti necədir?

-Artıq qeyd olunduğu kimi, mən bu fikirdəyəm ki, son illərdə Niderland Krallığında təsir dairəsi böyük olan, eyni zamanda çox da qalıcı olan bir iş görülməyib. Saniram ki, bu “təyin edilmiş” insanların müasir tələblərə uyğun olan yeni və ya strategiyanın seçmək istəməməsi və ya bacarmaması ilə əlaqədar ola bilər. İnsanlar eyni şəkildə lobbiçilik etməyə və eyni şəkildə təbliğ etməyə davam edirlər. Və yenə də eyni qrup insanlarla. "Etdiyini etsən, əldə etdiyin də elə köhnə nəticə alacaqsan". Yeni bir şey təklif edən insanlar ciddi qəbul edilmir və ya onların təklifləri “oğurlanır”, səhv, səmərəsiz və çox baha başa gələrək həyata keçirilir. Təəssüf ki, biz Dövlət Komitəsi ilə təmaslarımızda bütün bunları özümüz də yaşadıq. Fəaliyyətləri dəstəkləmək üçün razılaşdıq, öhdəlikləri müzakirə etdik. Lakin təəssüf ki, sonradan bu öhdəliklər geri götürüldü. Biz hiss etdik ki, bu, Niderland Krallığında bəzi mütəşəkkil fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tənqidi şərhlər verməyimizlə bağlıdır. Axı sağlam tənqid sağlam cəmiyyət formalaşdırmağın bir yoludur.

Bu günə qədər müşahidələrimiz belədir ki, Dövlət Komitəsi yalnız hər zaman özləri tərəfindən “seçilmiş” insanlar/təşkilatlar qrupu ilə işləyir. Bu, uzun illərdir ki, belədir. Görünür, ölkədə siyasi lobbiçilik və ya həmrəylik yaratmaq baxımından əslində heç bir mənalı, məqsədinə nail olmadan əməkdaşlıq hər iki tərəf üçün müəyyən mənada (luktariv) gəlirlidir. Bu artıq kifayət qədər məslənin nə yerdə olduğunu göstərir. Bəli, bunu özümüz də yaşadıq.

-Sizcə bu uğursuz fəaliyyətin göstəricisi deyilmi dünyada erməni diasporu üstümüzə ayaq açır, təhlükə mənbəyinə çevrilir.

-Fərqli diasporların bir-biri üçün təhlükə olduğunu düşünmürəm. Diaspora müxtəlif ölkələr arasında münaqişə ilə mübarizə aparmaq məqsədi daşımır. Başqa bir diasporun gücünə baxmamalı, öz gücünə güvənməli və onun yaxşı, təsirli və səmərəli olmasını təmin etməlisən. Başqa diasporlara vaxt və enerji sərf etmək və ya onlarla konflikt etmək bütün enerji və vaxt itkisidir. Necə ki, diasporun daxilində daxili münaqişələrin olması və ya diaspor daxilində yaxşı işləməməsi vaxt itkisidir. Həmin vaxt daha yaxşı mənalı diaspor layihələrinə sərf edilə bilər. Siyasi lobbiçilik və ya həmrəyliyin daha da gücləndirilib mütəşəkkiləşdirilməsi naminə daha mütəşəkkil və strateji məqsədlər yaradılmalı və həyata keçirilmə planları bizlərlə birgə qurulmalıdır.

-Kənardan baxanda müşahidələriniz necədir, Dünya Azərbaycanlılarının sonuncu Şuşa qurultayında qəbul edilən qərarların icrası nə yerdədir?

-Dünya Azərbaycanlılarının V Qurultayının qərarları, vəzifə və tövsiyələri aydın idi və onları hazırki vəziyyətdə həyata keçirmək mümkün deyil. Təəssüflər olsun ki, fikrimizcə, Diasporla İş üzrə Dövlət Komitəsi bu tapşırıqları və tövsiyələri dəstəkləyən və ya onların yerinə yetirilməsinə kömək edən o qədər də böyük nailiyyətlər əldə etməyib. İndi keçmiş hər şeyin gələcəkdə də eyni olacağına zəmanət vermir. Düzdür, eyni insanlar eyni şeyi etməyə davam edərlərsə, çox güman ki, heç nə dəyişməyəcək və buna görə də çox şey əldə edilməyəcək. Ona görə də Komitədə dəyişikliklər olsa, yaxşı olardı. Məsələn, diaspor işi və lobbiçiliklə məşğul olan gənc nəsilin böyüməsi vacibdir və biz gəncləri bu işlərə cəlb etməliyik. Bu gənclərin və bu günə qədər uzaqlaşdırılan digər insanların müasir dövrün tələbləriə uyğun yeni ideyaları var və hazırki dövrə uyğun iş prinsiplərini yaxşı bilirlər. Məsələn bu iş prinsiplərindən biri də şəffaflıqdır. Bununla da Komitə nə etdiyini və nəyə nail olduğunu göstərməyə imkan verir, bununla da səmərəli vaxt və pul xərcləmələrinə görə məsuliyyətli yanaşdığını göstərir. Əgər Komitə həm də yuxarıda qeyd olunan şəffaflığa cavab olaraq ortaya çıxacaq yeni ideyalara açıqdırsa, (mən hələ ümidimi itirməmişəm) o halda bu qurum qarşıdakı illərdə bizə, yəni Azərbaycan icmasının istədiyinə nail olacaq.

S.İsmayılbəyli
Xəbəri paylaş