Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vahid TEZİS

Vahid TEZİS


Parlament seçkiləri ətrafında məqsədyönlü şəkildə dolaşdırılan emosiyalar tədricən səngiməkdədir.

Əslində, sentyabrın 1-də baş tutan bu mühüm və miqyaslı siyasi hadisənin ətrafında informasiya manipulyasiyalarının mövcudluğu olduqca gözlənilən və hətta normal haldır. Demokratiya örnəyi statusuna iddialı olan ölkələrdə seçkilər zamanı namizədlər arasında nəinki hər hansı qalmaqalların yaşanmasına, hətta sui-qəsd cəhdlərinə də dəfələrlə rast gəlmişik. Sözsüz ki, demokratik seçkilərdə şou elementlərinin mövcudluğu qaçılmazdır. Bəzi hallarda isə seçkilər zamanı biz fərqli seçkiqabağı platformaların rəqabətini yox, məhz təşkil olunan fərqli “şou proqramların” rəqabətinə şahidlik edirik.

Odur ki, öz rəvan həyatını yaşayan və sabitliyi arzu edən orta statistik vətəndaşın qərəzli manipulyasiyaların təsiri altına düşməməsi üçün məhz seçkilər zamanı siyasi maarifləndirmə işinin əhəmiyyəti xüsusi olaraq aktuallaşır. Qanunvericilik tələb etdiyi rəsmi proseduralar hələ də davam etdiyi üçün keçirilmiş seçkilərin nəticələrinin dəyərləndirilməsi doğru olmaz. Buna baxmayaraq, müşahidə olunmuş bəzi əlamətdar xarakterli tendensiyaları artıq indidən müəyyən edə bilərik. Bu məhz o hallardır ki, onların tendensiya olaraq inkişafı gələcəkdə milli maraqlarımız üçün real təhdid yarada bilər.

İnformasiya kontenti çərçivəsində obyektivlik naminə xüsusi olaraq onu vurğulamalıyıq ki, seçkilərin təbliğat-təşviqat mərhələsinə rəsmi dövlət televiziya kanalları toxunmadığı üçün namizədlərin seçki kampaniyaları haqqında ictimai təsəvvürlərin formalaşdırılması prosesi tamamilə sosial şəbəkələrin öhdəsinə buraxılmışdır. Sosial şəbəkələrin iş alqoritmi isə bəllidir. Onlar müasir rəqəmsal dünyanın bir nömrəli manipulyasiya alətidir və sözügedən təsbit təkzibolunmaz həqiqətdir. Mövcud məsələdə ən pisi odur ki, sözügedən qlobal manipulyasiya alətinin açarı ölkə sərhədlərindən çox-çox uzaqlardadır.

Buna baxmayaraq, peşəkar yanaşma bizlərdən tələb edir ki, həmin sosial şəbəkələr vasitəsilə təhdidedici tendensiyaları müəyyən edək.

Ölkənin gələcəyinə biganə olmayan insanlar müşahidə olunan tendensiyaları görməlidirlər. Bəllidir ki, seçkilər müəyyən siyasi proseslərin katalizatorudur. Bu səbəbdən də məhz seçkilər zamanı gizli cərəyan edən fərqli məzmunlu proseslər üzə çıxa bilir.

Əlbəttə ki, təhdidedici tendensiyaların müəyyən olunması daha çox hüquq-mühafizə qurumlarının fəaliyyət kompetensiyalarına daxildir. İctimai-siyasi münasibətlər müstəvisində imkan verilməməlidir ki, soydaşlarımız kimlərinsə çirkli manipulyasiyalarının alətinə çevrilsinlər.

Mövcud mərhələdə gələ biləcəyimiz əsas və önəmli qənaətlərindən biri odur ki, Azərbaycanın siyasi proseslərində siyasi texnologiyalar artıq mövcuddur. Bəzi namizədlərin seçkiqabağı təşviqat kampaniyaları sübut edir ki, Qərbin siyasi texnologiyaları artıq bizim siyasi arealımızda da istifadə olunur.

Əlbəttə ki, sözügedən təkzibolunmaz fakt hər zaman neqativ hal deyil. Əksinə, siyasi texnologiyaların ölkənin siyasi proseslərində geniş vüsət alması peşəkar və sağlam rəqabət mühitinin yaranmasına xidmət edir. Mövcud kontekstdə milli maraqlara təhdid yarada biləcək məsələ odur ki, Qərbin siyasi texnologiyalarının əsl hədəfi hansısa təcrübəsiz və sadəlövh namizədlərə prosesdə dəstək olmaq, köməklik göstərməklə bağlı deyil. Azərbaycanda onun əsl hədəfi bir çox hallarda ölkənin siyasi sisteminin çalxalandırılmasına nail olmaqdır. Vətəndaş bu həqiqəti ölkəsi və dövlətçilik naminə xüsusi dəqiqlik və həssaslıqla anlamalıdır. Təəssüf ki, prosesə faydaları toxunmaq istərkən seçkilərə qoşulan bəzi insanlar müəyyən siyasi texnologiyalar vasitəsilə özləri də bilmədən sadəcə manipulyasiya alətinə çevrilə bilirlər.

Heç şübhəsiz ki, bütün qərəzli manipulyasiyaların “işıqforu” rolunu oynayan əsas sənəd Azərbaycanda keçirilmiş seçkilərlə əlaqədar ATƏT-in məlum bəyanatıdır.

Təxribat yuvasından qaynaqlanan bəzi vahid tezislərinin məzmununa fikir verin. Sözügedən bəyanat ictimailəşdiriləndən sonra özünü radikal müxalifət ilə identikləşdirənlər bir səslə eyni fikri vurğulayırlar: “ATƏT-in bəyanatı doğrudur, ancaq bu sənəd olduqca yumşaq dəyərləndirmədir.” Sanki bunlar eyni oyunu oynamırlar. Xüsusi olaraq nəzərə alınmalıdır ki, qeyd olunan fikir vahid tezis kimi həm radikal düşərgənin bayraqtutanları tərəfindən, həm seçkilər zamanı şou göstərmiş namizədlər tərəfindən səsləndirilir.

Manipulyatorların təhdid yarada biləcək növbəti təxribat xarakterli tezisi “yerlipərəstlik” mövzusunun ölkənin siyasi ritorikasına təkrar olaraq qaytarılmasıdır. Hər bir məsuliyyətli vətəndaş birmənalı olaraq bilməlidir ki, bünövrəsi ideoloji müstəvilərdə gizlənən sözügedən mövzunun ətrafında aparılan kirli manipulyasiyaların tək hədəfi ixtilaf yaradaraq cəmiyyətin parçalanmasıdır. Budur Qərb siyasi texnologiyalarının ilan kimi sürünərək Azərbaycanın siyasi proseslərinə daxil olmasının əsl səbəbi. Qalib xalqın nümayəndəsi, müasir Azərbaycanın vətəndaşı müstəqilliyin ilk illərində sadalanmış bütün bu təhdidlər ilə artıq rastlaşıb və onların ağrılı fəsadlarını birlikdə yaşamışıq.

Odur ki, Vətəni sevən və ona sadiq olan hər bir vətəndaş imkan verməməlidir ki, doğma məmləkətimiz hansısa məkrli oyunların və siyasi texnologiyaların poliqonuna çevrilsin

politoloq Asif Adil
Xəbəri paylaş