
David Seliverstov:”Müdafiə etdiyim Azərbaycan dövlətinin büdcəsi, ordumuzun şərəfi, əsgərlərimizin haqqı və qanunun aliliyidir”
“Mən beynəlxalq hüquq müdafiəçisi kimi açıq şəkildə bildirirəm ki, Nizami Məmmədova və bu cinayət işi üzrə məhkum edilmiş digər şəxslərə qarşi heç bir şəxsi qərəzim, tələbim və ya marağım olmayıb. Mən heç kəsin qanunsuz həbsini, təqib edilməsini və ya məhkəmədənkənar cəzalandırılmasını istəməmişəm.
Mənim yeganə tələbim və tövsiyəm məhkəmə hökmü ilə dövlətə vurulduğu müəyyən edilmiş ziyanın tam ödənilməsi, müsadirə edilmiş əmlak və vəsaitlərin dövlətin nəfinə yönəldilməsi, qanuni məhkəmə qərarlarinin icra olunmasıdır”.
Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun məhkəmə prosesi ətrafında gedən söz-söhbətlərə münasibət bildirərkən səsləndirib. O deyib ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 2020-ci il Vətən Müharibəsi dövründə ordunun maliyyə sistemində ən məsul vəzifələrdən birini daşıyıb:
”Həmin dövrdə əsgərlərimiz cəbhədə döyüşür, şəhidlərimiz vətən uğrunda canlarını fəda edir, qazilərimiz sağlamlıqlarını itirir, Azərbaycan xalqı isə bütün imkanlarını ordunun və qələbənin təminatına səfərbər edirdi. Belə bir tarixi dövrdə hərbi büdcəyə rəhbərlik etmək sadəcə yüksək vəzifə deyildi. Bu, dövlət tərəfindən göstərilən müstəsna etimad, xalq qarşısında xüsusi məsuliyyət və əsgərin haqqını qorumaq öhdəliyidir.
Nizami Məmmədov 2022-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə ittihamı irəli sürülüb. Müdafiə Nazirliyindəki cinayət işi üzrə dövlətə vurulmuş ümumi ziyanın 143 milyon manat olduğu açıqlanıb. Hüquqi dəqiqlik naminə qeyd edirəm ki, bu məbləğ təkcə Nizami Məmmədovun deyil, bütün cinayət işi üzrə müəyyən edilmiş ümumi ziyandır”.
Xatırladaq ki, Baki Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov 11 il 6 ay müddətinə azadlIqdan məhrum edilib. Onun üzərinə həbs qoyulmuş əmlaklarının dövlətə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məqsədilə müsadirəsinə qərar verilib".
David Seliverstov diqqətə çatdırıb ki, istintaq və məhkəmə dövründə onun adından dövlət büdcəsinə 12 milyon manatdan artıq vəsait ödənildiyi bildirilib. Hökmün yuxarı məhkəmə instansiyalarında dəyişdirilib-dəyişdirilməməsi isə yalnız hüquqi prosedurlar əsasında qiymətləndirilməlidir:
”Bu işdə söhbət adi təsərrüfat və ya mühasibat səhvindən getmir. Ordunun pulu sadəcə büdcə rəqəmi deyil. Bu vəsait əsgərin təminati, hərbi hissələrin fəaliyyəti, ordunun döyüş qabiliyyəti və dövlətimizin təhlükəsizliyidir. Məhkəmə hökmü ilə belə vəsaitlərin xüsusilə külli miqdarda mənimsənilməsi müəyyən edildikdə, həmin əmələ adi maliyyə pozuntusu kimi yanaşmaq mümkün deyil. Bu, dövlətin göstərdiyi etimadın ağır şəkildə pozulmasidir.
Dövlətini sevən insan onun büdcəsini qoruyar. Ordusuna hörmət edən şəxs əsgərin haqqına toxunmaz. Xalq qarşısında məsuliyyət daşıyan vəzifəli şəxs ona etibar edilmiş vəsaiti şəxsi maraqlardan üstün tutar.
Mən məhz dövlətə vurulmuş ziyanin tam qaytarılması mövqeyini müdafiə etdiyimə görə üzərimə guya “çox güclü hüquq müdafiəçisi”nin çıxarılacağı və buna peşman ediləcəyim barədə xəbərdarlıq almışam. Bu sözlərin hüquqi qiyməti zərurət yarandığı halda səlahiyyətli dövlət orqanları tərəfindən verilməlidir. Lakin açıq bildirirəm: Heç bir təzyiq, hədə, rütbə, əlaqə və ya nüfuz mənim dövlətin qanuni mənafeyini müdafiə edən mövqeyimi dəyişdirə bilməz.
Hüquq müdafiəçisi adı məhkəmə hökmünü ört-basdir etmək, dövlətə vurulmuş ziyanın qaytarılmasına mane olmaq və ya kiminsə şəxsi maraqlarını müdafiə etmək vasitəsinə çevrilməməlidir. Əsl hüquq müdafiəçisi şəxsləri toxunulmaz elan etmir. O, qanunun aliliyini, ədalətli məhkəmə araşdırmasını, dövlət və cəmiyyət qarşısında məsuliyyəti müdafiə edir”.
David Seliverstov, “Təqsirləndirilən və məhkum edilmiş şəxslərin də müdafiə, apellyasiya və ədalətli məhkəmə araşdırması hüquqları qorunmalıdır. Lakin bu hüquqlar dövlətə vurulmuş ziyanın əhəmiyyətini azaltmır və məhkəmə hökmünün icrasına mane olmaq üçün istifadə edilə bilməz. Hüququn aliliyi həm şəxsın prosessual hüquqlarının qorunmasını, həm də dövlətə vurulmuş ziyanın qanuni qaydada ödənilməsini tələb edir.
Heç bir general rütbəsi, keçmiş xidmət, şəxsi əlaqə və ya özünü “güclü hüquq müdafiəçisi” kimi təqdim edən şəxs qanundan və məhkəmə hökmündən üstün ola bilməz. Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında general da, hüquq müdafiəçisi də, dövlət məmuru da, siravi vətəndaş da bərabərdir.
Mənim şəxsi düşmənim yoxdur. Mənim müdafiə etdiyim Azərbaycan dövlətinin büdcəsi, ordumuzun şərəfi, əsgərlərimizin haqqı və qanunun aliliyidir.
Məni peşman etməklə hədələyənlər bilməlidirlər: Dövlətin mənafeyini və qanunun aliliyini müdafiə etdiyim üçün deyil, bu prinsiplər qarşisinda susduğum gün peşman olardim”,-deyə vurğulayıb.
Süleyman












































