
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir.
Newscenter.az xəbər verir ki, tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusu altında keçirilir.
Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, UNEP-in nümayəndələri də iştirak edir.
Rəsmi açılış mərasimindən sonra tədbir panel sessiyalarla davam edəcək.
Sessiyalar "Metan emissiyalarının azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantılar sektorunda həllər", "Xəzər dənizi dönüş nöqtəsində: dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elm-siyasət dialoqu" adı altında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreyada keçirilən tədbirdə qəbul edib.
1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.
Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir.
Ölkə həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.
COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.
Arzu












































