
Azərbaycanın XIX əsrin ikinci yarısında yaşadığı iqtisadi canlanma, xüsusilə neft sənayesinin sürətli inkişafı ölkədə yeni ictimai düşüncənin formalaşmasına və maarifçilik ideyalarının geniş yayılmasına güclü təkan verdi. Cəmiyyətdə baş verən sosial, mədəni və siyasi dəyişikliklər ana dilində fəaliyyət göstərən mətbuat orqanına olan ehtiyacı daha da artırdı. Belə bir tarixi şəraitdə 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının təməlini qoyaraq xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafında əvəzsiz rol oynadı.
Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin ictimai-siyasi həyatında mühüm dönüş mərhələsi olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunması və milli özünüdərk prosesinin güclənməsi ilə yadda qaldı. Həmin illərdə kütləvi informasiya vasitələrinin cəmiyyətin inkişafındakı əhəmiyyəti yüksək qiymətləndirilmiş, mətbuatın fəaliyyətinin genişləndirilməsi, redaksiyaların maddi-texniki imkanlarının artırılması və jurnalistikanın inkişafı istiqamətində məqsədyönlü addımlar atılmışdır. Ulu Öndər mətbuatı cəmiyyətlə dövlət arasında etibarlı körpü, insanların düzgün məlumatlandırılmasında və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm vasitə hesab edir, bu sahədə çalışan insanlara daim xüsusi diqqət və qayğı göstərirdi.
Müstəqil Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə informasiya məkanının inkişafı, media institutlarının gücləndirilməsi və jurnalistikanın müasir çağırışlara uyğun fəaliyyət göstərməsi üçün ardıcıl islahatlar həyata keçirilir. Bu siyasətin nəticəsində ölkəmizdə peşəkar, məsuliyyətli və milli maraqlara söykənən media mühiti formalaşmışdır. Azərbaycan mətbuatı bu gün cəmiyyətin obyektiv məlumatlandırılması, ictimai rəyin formalaşdırılması və dövlətlə vətəndaş arasında sağlam informasiya əlaqələrinin qurulması istiqamətində öz mühüm missiyasını uğurla davam etdirir.
Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı











































