
Almaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Dünyanın ən böyük üçüncü iqtisadiyyatına malik olan Almaniya ilə iqtisadi əlaqələri daha da dərinləşdirmək Azərbaycan üçün xarici ticarətdə prioritetlərdən hesab olunur. Xüsusən də qeyri neft-qaz sektorunda yeni əməkdaşlıqlara başlamaq əsas hədəflərdəndir.
Bəs, Almaniyadan hansı məhsulları alırıq və həmin ölkəyə nə satırıq?
1 milyard 376 milyon dollarlıq ticarət dövriyyəsinə malik olduğumuz Almaniya ilə Azərbaycan arasında kifayət qədər çox, 2355 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Bu ticarət dövriyyəsində, xüsəsən də idxalda məhsullar üzrə şaxələnmədən xəbər verir.
Almaniyadan idxal etdiyimiz əsas məhsullara gəldikdə isə, qızıl, zolaqlar və ya lentlər (95.859 milyon dollar), minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan nəqliyyat vasitələri (48.413 milyon dollar), yük avtomobilləri (39.840 milyon dollar), pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan dərman vasitələri (36.691 milyon dollar), elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (34.443 milyon dollar), sürtkü yağları (27.903 milyon dollar), traktorlar (18.169 milyon dollar), minik avtomobilləri, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan nəqliyyat vasitələri (16.773 milyon dollar), yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (15.159 milyon dollar), yüklərin daşınması üçün digər yedək və yarımyedək sisternlər (13.962 milyon dollar), minik avtomobilləri, mühərrikinin həcmi 1500-2500 kub sm olan nəqliyyat vasitələri (11.860 milyon dollar), qaz, enerji, maye sayğaclarının hissələri (9.209 milyon dollar), 1000 V-dan çox olmayan gərginlikli elektrik cərəyanının bölüşdürülməsi üçün avadanlıqlar (7.703 milyon dollar), tibbi müayinə aparat və cihazları (7.435 milyon dollar), poçt markaları, dövlət rüsumu markaları, gerbli kağızlar, çek kitabçaları, aksiz markaları, banknotlar (6.851 milyon dollar), heyvan yemi üçün istifadə edilən məhsullar (6.215 milyon dollar), tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siropları (5.523 milyon dollar), fərdi təyinatlı dezodrantlar və antiperspirantlar (4.581 milyon dollar) və digər məhsullar idxal olunur
Azərbaycanın Almaniyaya ixracatında enerji məhsulları böyük çəkiyə malikdir. Belə ki, 2025-ci ildə Azərbaycan Almaniyaya 502 milyon dollarlıq xam neft və neft məhsulları ixrac edib. Bununla yanaşı, ötən il qabığı təmizlənmiş meşə fındığı (40.403 milyon dollar), qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan nasos-kompressor boruları (967 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (477 min dollar) və digər bir sıra məhsullar da Almaniya bazarına daxil olub.
Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri zaman keçirilən görüşlərin ticarət dövriyyəsinin həcmi ilə yanaşı, strukturuna da təsir göstərəcəyi gözlənilir. Daha çox qeyri neft-qaz məhsullarının Almaniyaya ixrac edilməsi əsas hədəflərdəndir.
Vüqar Bayramov, Milli Məclisin deputatı











































