
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan tarixində Zəfər, ədalətin bərpası və Böyük Qayıdış anlayışlarını özündə birləşdirən əlamətdar tarixdir. Bu gün Laçının işğaldan azad olunmasını xatırlamaqla yanaşı, şəhərin və rayonun yeni həyatının, sürətli inkişafının və gələcəyə hesablanmış quruculuq prosesinin başlanğıcını ifadə edir.
Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş Laçın artıq tamamilə fərqli mənzərə yaradır. Şəhərin küçələrində yeni həyat canlanır, yaşayış məhəllələri salınır, sosial obyektlər istifadəyə verilir, istehsal müəssisələri yaradılır, enerji infrastrukturu inkişaf etdirilir. Ən mühümü isə illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıdırlar. Laçının bugünkü dirçəlişi Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birinin – işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma torpaqlarına qaytarılması məqsədinin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Laçın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixə və özünəməxsus təbii-coğrafi xüsusiyyətlərə malikdir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması ilə şəhərin müasir inzibati tarixində yeni mərhələ başlayıb. 1930-cu il avqustun 8-də Laçın rayonunun yaradılması ilə şəhər rayonun inzibati mərkəzinə çevrilib. Laçının coğrafi mövqeyi onun tarix boyu əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri olub. Rayonun dağlıq ərazisi, zəngin meşələri, yaylaqları, çayları və təbii ehtiyatları həm iqtisadi, həm də strateji baxımdan böyük potensiala malikdir.
1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun tarixində ən ağır səhifələrdən birini yaratdı. İşğal nəticəsində rayon əhalisi doğma yurdlarından məcburi köçkün düşdü. Yüzlərlə insan həyatını itirdi və ya itkin düşdü. Şəhərin və kəndlərin sosial-iqtisadi infrastrukturu dağıdıldı, tarixi və mədəni irsə ciddi ziyan vuruldu. Təhsil, səhiyyə, mədəniyyət, rabitə, ticarət və istehsal müəssisələrinin böyük hissəsi talan edildi və məhv olundu. Tarixi abidələrə qarşı vandalizm aktları törədildi.
İşğal dövründə Laçının tarixi kimliyinə qarşı da məqsədyönlü siyasət həyata keçirildi. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərdən qanunsuz istifadə və qanunsuz məskunlaşdırma siyasəti rayonun demoqrafik və mədəni simasının dəyişdirilməsinə yönəlmişdi.
Laçının tarixində yeni səhifə 2020-ci ildə yazıldı, Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər işğalın sona çatmasına və ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru həlledici addımların atılmasına imkan verdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğal dövrü başa çatdı və Laçının qarşısında tamamilə yeni inkişaf perspektivləri yarandı.
Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi həmin Zəfərin arxasında dayanan qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi Zəfər tariximizin mühüm səhifəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi həmin ərazilərin tarixi yaddaşının və yeni inkişaf mərhələsinin dövlət səviyyəsində qeyd olunmasına xidmət edir.
Laçında aparılan bərpa işlərinin əsas xüsusiyyəti onun müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasıdır. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş Plan şəhərin yaşayış, sosial, mədəni, iqtisadi və turizm imkanlarının vahid sistem daxilində inkişaf etdirilməsini nəzərdə tutur. Şəhərdə məktəblər, xəstəxana, peşə məktəbi, uşaq bağçaları, mədəniyyət obyektləri, turizm məkanları və ictimai ərazilər yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi isə Laçında müasir urbanizasiya yanaşmalarının tətbiq edildiyini göstərir. Bu prinsip insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məkanlarda təmin etməsinə və şəhər daxilində rahat hərəkət etməsinə imkan yaradır.
Laçının bərpasının əsas məqsəd insanları doğma torpaqlarına qaytarmaq və burada təhlükəsiz, rahat və layiqli həyat şəraiti yaratmaqdır. 31 il ərzində doğma şəhərindən ayrı düşmüş insanların yenidən Laçında məskunlaşması Böyük Qayıdışın ən təsirli nümunələrindən biridir. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərinə də yüzlərlə ailənin köçürülməsi həyata keçirilib. Bu rəqəmlərin arxasında ayrı-ayrı ailələrin, insanların və nəsillərin uzun illər davam edən yurd həsrətinin sona çatması dayanır.
Laçının bərpasında iqtisadi inkişaf və məşğulluq məsələləri də prioritet istiqamətlərdəndir. Laçın Aqro-Sənaye Parkının yaradılması rayonun iqtisadi potensialının reallaşdırılmasına mühüm imkanlar açır. Parkda mebel, yeyinti, yüngül sənaye, balıqçılıq və digər istiqamətlər üzrə müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel fabriki, ayaqqabı və tikiş müəssisələri, prefabrik modul ev istehsalı və digər istehsal sahələri yeni iqtisadi fəaliyyətin formalaşmasına xidmət edir. Bu layihələrin digər mühüm xüsusiyyəti yerli əhalinin məşğulluğuna töhfə verməsidir. İnsanların doğma yurdlarına qayıtması ilə yanaşı, burada işləməsi və iqtisadi fəaliyyətə cəlb olunması Böyük Qayıdışın dayanıqlılığını təmin edən mühüm amildir.
Laçının təbii gözəllikləri onun gələcək turizm inkişafı üçün böyük potensiala malik olduğunu göstərir. Rayonda hotellərin, istirahət komplekslərinin, bulvarların və digər turizm obyektlərinin yaradılması bu istiqamətdə atılan addımlardandır. Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın avtomobil yolu, enerji layihələri və “Həkəriçay” su anbarı kimi layihələr rayonun regional əhəmiyyətini artırır.
Qarşıya tarixini və milli kimliyini qoruyan, müasir standartlara cavab verən, iqtisadi cəhətdən fəal, ekoloji baxımdan dayanıqlı və insanların rahat yaşadığı şəhər yaratmaq kimi böyük bir hədəf qoyulub. Bu gün Laçında yeni evlər tikilir, məktəblər fəaliyyət göstərir, müəssisələr yaradılır, yollar salınır, yaşıl enerji istehsal olunur, turizm infrastrukturu inkişaf etdirilir və ən əsası, insanlar öz doğma yurdlarına qayıdırlar. Bu mənzərə Laçının keçmişdən gələcəyə uzanan yolunun mahiyyətini ifadə edir.
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının Zəfər iradəsinin, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın təcəssümüdür. Laçın bu gün öz tarixini yenidən yazır. Bu tarixin əsas amilləri isə Zəfər, qayıdış, quruculuq, inkişaf və gələcəkdir. Laçının dağlarında yenidən həyatın canlanması, doğma evlərin işıqlarının yanması və sakinlərin öz yurdlarında gələcəyə planlar qurması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tarixi missiyanın ən aydın göstəricilərindəndir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı












































