
"Ermənistanda cərəyan edən hadisələrdən Moskvanın narahat olması təsadüfi deyil. Cənubi Qafqazdakı mövqeyini itirməkdə olan Rusiya üçün Ermənistan son ümid yeridir. Paşinyan Avropayönlü siyasət yürütsə də ölkəsi Rusiyanının vassalı və forpostu olaraq qalır. Bütün sahələrdə Ermənistan Rusiyadan asılıdır. Siyasi, iqtisadi, ticari, humanitar bağlılıqları son dərəcədə möhkəmdir və mütəfiqdirlər".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, İrəvanla Moskva arasındakı gərginliyin kökündə daha çox 2020-ci ildə mütəmadi erməni təxribatına cavab olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı başlayan müharibəyə Rusiyanı qoşmağa uğursuz cəhdlərdən doğsan narazılıq və incikliklər dayanır:
"Bundan da bəzi Qərb dövlətləri istifadə edərək Ermənistanı yanlarına çəkməyə səy göstərməkdədir. Avropa İttifaqına Ermənistan heç lazım da deyil və böyük əhəmiyyət də daşımır. Sadəcə olaraq Rusiyaya qarşı maşa kimi istifadə edilir. Digər tərəfdən Paşinyan anlayır ki, Rusiya əvvəlki Rusiya deyil, onun ambisiya və maraqlarını təmin edə bilmir. Odur ki, Kremlə üz çevirməklə yeni sahiblər axtarışına çıxıb".
Əli Orucov qeyd edib ki, baş verən son hadisələrdə məqsəd sabiq qatil prezidentlər R.Köçaryan və S.Sarksiyanın, habelə mafioz və cinayətkar qruplaşmaların rəhbərlərindən olan S.Sarukyanın həbs edilmələri Kremlin uzantılarlna ağır zərbə vurmaqdır:
"S.Karspetyan demək olar təcrid olunub. Baş keşiş İkinci Qarigenin ətrafındakı həlqə getdikcə daraldılır. Kreml bütün bunlardan çox narahatdır və artıq bu etirazını da bildirir. Moskvada kilsənin müdafiəsi ilə bağlı keçirilən aksiyada da məqsəd İrəvana verilən daha bir mesajdır. Moskva indiki halda İrəvanla açıq qarşıdurmaya getmək, yaxud kobud müdaxilə etmək istəmir. Burada Qərb amili də var. Hələ ki, yumşaq gücdən iqtisadi təsir vasitələrindən istifadə olunur. Gələcəkdə daha sərt tədbirlərin görülməsi ehtimalları qalır".
Süleyman












































