
Dünya nizamının pozuldüğu və yeni dünya düzəninin formalaşmasının çox təlatümlü bir mərhələsini yaşadığımız hazırkı dönəmdə yaşadığımız regionda davamlı təhlükəsizlik, sülh və əminamanlığın təmin edilməsi üçün Azərbaycan-Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olması, qarşılıqlı hörmət, etimad və faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin, o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər, xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi hər iki ölkənin maraqlarının reallaşdırılmasında mühüm rol oynayır.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli səsləndirib. O deyib ki, bu kontekstdə bu il yanvarın 17-də Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən üç ay sonra-aprelin 15-də bu ölkə Prezidentinin də respublikamıza rəsmi səfəri Bakı ilə Tbilisinin yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir:
"Bunun əsas konturları Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü: Azərbaycan Prezidenti öz çıxışında bildirib ki:”Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, kəmərləri, nəqliyyat, kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir. Burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bildirib ki:”Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib. Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.
Deputat deyib ki, istər bu ilin yanvarında Gürcüstan Baş Nazirinin, istərsə də apreldə Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı görüşlərdə və verilən Bəyanatlarda səsləndirilən fikir və mesajlar Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və tərəflərin ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xəttlə davam etdirilməsi əzmini nümayiş etdirdi".
Süleyman