Newscenter.az.4.05.2020. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.
Newscenter.az xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə nitq söyləyir.
Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir.
Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirlər.
Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.
Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.
QOŞULMAMA HƏRƏKATININ ZİRVƏ GÖRÜŞÜQOŞULMAMA HƏRƏKATININ ZİRVƏ GÖRÜŞÜ GÖRÜŞ PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ BAŞ TUTUB
Gepostet von REAL TV am Montag, 4. Mai 2020