Newscenter.az.8.05.2020. "Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Onun sözlərinə görə, şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb: “Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Qədim tarixə malik olan Şuşa yaddaşımızda zəngin tarixi keçmişi və mədəniyyət abidələri, yetişdirdiyi məşhur şəxsiyyətləri ilə tanınan məkan kimi dərin izlər buraxıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Fatma Yıldırım səsləndirib. O, qeyd edib ki, “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli musiqiçilərinin, böyük bəstəkarların və sənətkarların vətənidir:
"Bu torpaqda olan qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Təəssüf ki, işğal nəticəsində ermənilər Şuşada bütün mədəniyyət abidələrini məhv ediblər. Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi bir abidədir".
Millət vəkili qeyd edib ki, bu gün işğalçı Ermənistan diplomatik cəbhədə, informasiya müharibəsində Azərbaycana uduzur:
“Bu müstəvidə mübarizəmizi davam etdirməliyik. Biz millət vəkillərinin, əsas vəzifələrindən biri də Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini tarixi və elmi əsaslarla daha geniş şəkildə dünyaya çatdırmaqdan ibarətdir. Çünki beynəlxalq ictimaiyyət tarixi və elmi əsaslı məlumatlara üstünlük verir. Xaricdə diaspor fəaliyyəti ilə məşğul olduğum zamanlarda bu reallığın şahidi olmuşam. Ona görə də, düşünürəm ki, bu istiqamətdə daha sistemli fəaliyyət göstərmək üçün "Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu" yaradılmalıdır. Buraya yerli və xarici mütəxəssislər, alimlər, tarixçilər cəlb olunmalıdır. Belə bir elmi institut və ya mərkəz Qarabağın tarixini geniş şəkildə araşdıraraq dünya ictimaiyyətinə əhəmiyyətli elmi-tarixi əsərlər təqdim etməlidir. Əlbəttə, indiyə qədər bu istiqamətdə alimlərimiz tərəfindən bir sıra dəyərli əsərlər yazılıb, nəşr edilib. Bununla yanaşı, hesab edirəm ki, belə bir institutun yaradılması vacibdir və ümummilli problemimiz olan bu məsələyə daha da böyük töhfələr verə bilər”.
Fatma Yıldırımın sözlərinə görə, bu gün şuşalılar inanırlar ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız, o cümlədən, Şuşamız erməni işğalından azad olunacaq:
“O torpaqları yenidən qarış-qarış gəzmək və doğma torpağın qoxusunu duymaq bütün xalqımızın arzusudur. Dövlətimiz bu problemin sülh yolu ilə həlli üçün bütün imkanlarını illərdir səfərbər edib, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan xalqı Şuşanın azad olunacağı günü səbrsizliklə gözləyir. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızı tərk etməzsə, müstəqil Azərbaycan Respublikasının qüdrətli ordusu öz gücü ilə bu məsələni həll etməyə qadirdir”.
Anar