Newscenter.az.22.05.2020. “V Türk Dünyası Sənədli Filmlər Festivalı”na hazırlıqlar başlayıb. Newscenter.az xəbər verir ki, festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə təşkil olunur. Peşəkar və həvəskar kateqoriyalarda keçiriləcək müsabiqənin əsas mövzusu “Türk Mədəniyyəti və Türkün Dünyaya Baxış Tərzi” olacaq. Müsabiqədə qalib gələn sənədli filmlər 9 ölkədə nümayiş olunacaq. Artıq festivala müraciətlər başlamışdır. Hər iki kateqoriya üzrə müraciətlər üçün son tarix 20 Avqust 2020-ci il olaraq müəyyənləşdirilib.
Festivalın yekunu olaraq 3 oktyabr 2020-ci il tarixində Türkiyənin İstanbul şəhərində təmtəraqlı Qala gecəsi və mükafatlandırılma mərasimi keçiriləcək. Eyni zamanda dərəcəyə girə bilən filmər 6 Türk Respublikası və 3 Türk bölgəsində nümayiş olunacaq.
Qeyd edək ki, Festivalın keçirilməsinə Türkiyə Mədəniyyət Nazirliyi Sinema Genel Müdürlüğü, TİKA, Türk Dünyası Bələdiyyələr Birliği, Yunus Əmrə İnstitutu, İstanbul Büyük Şəhir Bələdiyyəsi, Kültür Dairə Başkanlığı, Türkiyədən İstanbul, Niğde, Ömer Halisdemir, Gümüşhane və Yozgat Bozok Universitetləri, Bakı Dövlət Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Qazaxıstan Əl-Fərabi Universiteti, Jürgenov Milli İncəsənət Akademiyası, Qırğızıstan-Türkiyə Manas Universiteti, Makedoniya Fon Universiteti, KKTC Yakın Doğu Universiteti, Daşkənd Dövlət Mədəniyyət və İncəsənət İnstitutu ilə yanaşı,Türk Dünyası Kültür Sanat ve Sinema Vakfı, Türkiyə Jurnalistlər Cəmiyyətləri Basın vakfı, Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Qırğızıstan Han Tanrı vakfı kimi ictimai təşkilatlar da var.
Eyni zamanda festivala bütün Türk Dünyasından olmaqla TRT Avaz, Türkmeneli TV, Qırğızıstan Asiya TV, Qazaxıstan El Arna TV, KKTC Bayraq Radio TV, Gənc TV, Türkiyə TV, Mercan TV, Aksu Tv, Fırat Tv, “Birlik” dərgisi, BRTV-nin kimi media qurumları da dəstək verirlər.
Türk Dünyası Jurnalistlər Federasiyası dünyanın ən qədim və zəngin mədəni irsə malik olan Türk mədəniyyətini təmsil etməkdədir. Bu köklü və zəngin mirasın istər inkişaf yolunu, istərsə də özündə ehtiva etdiyi maddi və mənəvi dəyərləri gələcək nəsillərə ötürmək təşkilatın ən böyük vəzifəsidir. Türk mədəniyyətinin izahı və gələcək nəsillər tərəfindən mənimsənilməsi gələcəkdə formalaşacaq mədəni sferamız baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Makedoniya başda olmaqla,Tatarıstan, Çuvaşistan, Başkurdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasya kimi Muxtar Türk Respublikaları da bu festivalın keçirilməsində yaxından iştirak edirlər.