Məmmədov Məmməd Əli oğlu (Qatır Məmməd) 1887-ci ildə Gəncə qəzası Goranboy-Əhmədli kəndində anadan olub.
1906-cı ilin fevralında sosial-demokrat tələbə təşkilatının təşəbbüsüylə Bakı texniki məktəbində məktəb müdriyyətinin özbaşınalıqlarına etiraz əlaməti olaraq ümumi tətil keçirildi. Məmmədin köməkliyi ilə Gəncə texniki məktəbi də Bakı tələbələrinin tətilinə dəstək verir. İki gündən sonra tətil yatırılır və Məmmədlə dostları Sibirə sürgün edilirlər. 19 yaşlı Məmməd bolşeviklərlə tanış olur. Ona həbsdə Stepan Şaumyanın yaxın adamları qaçmağa kömək edirlər. O ilk silahlı üsyanını 1906-cı ildə, cəmi 19 yaşı olarkən təşkil etdi. Yaratmış olduğu silahlı dəstəylə kəndlərə daxil olur, bəylərin, xanların var-dövlətini, torpağını müsadirə edirdi.
1907-ci ilin yayı Məmmədin dəstəsi Goranboy-Əhmədlidə kəndlilərin torpağını ələ keçirmiş mülkədar Haqverdi ağa Adıgözəlbəyova qarşı intiqam reydi keçirir. Üsyana qalxmış kəndlilər həm özlərinin zəbt olunmuş torpaqlarını, həm də Haqverdi ağanın əkin sahələrinin böyük bir hissəsni ələ keçirirlər. Xalq qəzəbindən vahiməyə düşmüş Haqverdi ağa və onun dostu milyonçu Hacı Həsən Quşbazoğlu qaçaraq Gəncə qubernatoruna sığınır, ondan üsyançılara qarşı silahlı qüvvə göndərməyi xahiş edirlər. Məmməd həbs olunaraq Gəncə qalasına salınır. 4 aydan sonra Gəncə erməniləri pul yığıb Gəncə kommunist təşkilatına verirlər və onların yardımı ilə üsyan rəhbəri çıxarıldığı məhkəmədə bəraət alır.
1914-cü ildə məhkəmə Qatır Məmmədin 12 illik Sibirə sürgün edilməsi barədə qərar çıxarır. O, 1917-ci il Rusiyada baş vermiş fevral inqilabına kimi Sibirdə sürgündə olur. Çar devrildikdən sonra bir çox siyasi məhbuslar kimi Məmməd də azadlığa buraxılır. Lakin yenə də ətrafına dəstə toplayıb Müsavat hökumətinə qarşı çıxış edir. Onun əsas maliyyə dəstəyi Stepan Şaumyan və onun yaxınlarından idi. Məşədi Əzizbəyov onu yaxın dostu kimi qəbul edirdi. Bakıya bir neçə dəfə gələn Məmməd Stepanın evində qalırdı. Müsavat hökuməti qurulandan sonra Osmanlı dövlətinə Bakının azad edilməsi üçün müraciət edildiyini eşidən Stepan Şaumyan onu geri qayıdıb onların qarşısını almağı tapşırır və silahla təmin edir. "Qırmızı partizan" dəstəsi adını alan onun adamları
Nuru Paşanın başçılığında Gəncədən çıxaraq Goranboy istiqamətinə doğru getməsini eşidib pusqu qurur.
Gəncədən gələn Nuru Paşa və Tovuzdan gələn türk paşası Hulusi bəyin də qoşunun qarşısını alıb onların Bakıya gəlməsini bir neçə müddət gecikdirir.
1918-ci ilin yazında Qatır Məmməd və Qaraqucaq kənd üsyançılarının rəhbəri Məşədi Səməd Bakıda Məşədi Əzizbəyovla görüşürlər. Belə qərara gəlinir ki, müsavat ordusu daxilində inqilabi iş aparmaq zəruridir.
Qatır Məmməd və Məşədi Səməd saxta sənədlər düzəltdirərək müsavat ordusuna yazılırlar. Amma Əhməd bəy Məmmədxanbəyov Qatır Məmmədi əsgərlər arasında görüb tanıyır və bunu hərbi hissə komandirinə xəbər verir. Əhməd bəy hərbi hissə komandirini əmin edir ki, o səhv etmir, çünki Məmməd yeniyetməlik vaxtı onun muzduru olduğundan onun simasını çox yaxşı tanıyır.
Qatır Məmməd və Məşədi Səməd həbs edilərək zindana salınırlar. Gəncədə səhra məhkəməsi qurulur. Məhkəmə qırmızı partizanların komandanı Qatır Məmməd və Qaraqucaqlı inqilabçı Məşədi Səmədi dar ağacından asılmaqla ölüm hökmünə məhkum edir. Edama bir gün qalmış Gəncə şəhər kommunist təşkilatının üzvləri həbsxana divarını dələrək onları qaçırmağa müvəffəq olurlar.
1919-cu ilin 11 sentyabrında Gəncə prokurorunun Azərbaycan daxili işlər nazirlinə teleqram göndərilir. Teleqramda yazılır: “ Biz Qatır Məmmədi öldürmək üçün erməni daşnaklarına müraciət elədik. Onlara pul da təklif etdik. Lakin onlar Qatır bizim qardaşımızdır deyib imtina etdilər. Hal-hazırda Qatırın dəstəsində olan 150 nəfərdən 100 nəfəri erməni daşnaklarıdır” (mənbə: Агаян Ц. П. Вековая дружба народов Закавказья. Ч. 2. — М.: Айастан, 1970. — С. 121.)
Qatır Məmmədin Azərbaycan Cümhuriyyət ordusunun zabiti Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən 18 sentyabr 1919-cu ildə öldürülüb. Onun Cümhuriyyət zabiti tərəfindən öldürülməsini gizlətməyə çalışan bolşeviklər yerli bəylərə və ağalara qarşı başladıqları “qoloçomaq” siyasətini həyata keçirmək üçün bu faktdan məharətlə istifadə edib. Goranlı Hacı Həsən Qatır Məmməd sürgünə göndərildikdən sonra onun gözəl arvadı Gülüstanla ailə qurmasını bəhanə edərək, guya bu qısqanclıq zəmnində baş verib adı ilə onun ölümü həmin Hacı Həsənin üzərinə yıxıblar və hacı Həsənlə birgə onlarla bəy və ağaların var dövlətlərin əllərindən alıblar. Özlərini isə güllələyiblər. Əslində isə Hacı Həsən nə Qatırın arvadın alıb, nə də Qatırın arvadının adı Gülüstan olub.
Qatır Məmmədin ləqəbənin guya “katorqaya göndərilmiş Məmməd-Kator Mamed” kimi təbliğ edən bolşeviklər onun Cümhuriyyət və Çara qarşı düşmən mövqeyini bu cürə qələmə verirdilər. Lakin qatır adını ona xalq vermişdi, çünki Məmmədin atla-eşşəyin törəməsi olan Qatır adını onun amansız və əzazil olması ilə bağlayırdılar. Stepan Şaumyana Bakıda və rayonlarda mart qırığını zamanı silan göndərən qatır Məmməd silahdaşları Aruşanov Martiros, Babalyan Santri, Haykaz, Koçarov Mixail, Koçarov Hamparsum, Qriqoryan Arşak, Veliyan Nazarı Gəncəbəsar zonasında mart-aprel aylarında baş verən azərbaycanlılara qarşı soyqırım törətməyə göndərmişdir. Sergey Kirov və Serqo Orconikidzenin maliyyə və silah dəstəkçisi olan Qatır Məmmədin əsas planlarından biri də daha çox pul və qızıl toplamaq olub.
Gəncənin köhnə kişiləri qeyd edilər ki, Qatır filmdə göstərilən və haqqında yazılan kimi olmayıb. O qədər qəddar və əzazil olub ki, kəndlərdən kim ona yardım etməyəndə ağır formada onu cəzalandırırdı. Güvəndiyi əsas adamlar ermənilər idi. Öləndə üstündə Şaumyanla birgə şəkli çıxmış idi. O ermənilərə elə etibar edirdi ki, onlara qızıl və pullarını verirdi ki, onlar saxlasın..
Qatır Məmməd haqqında yazılan poemada onun əsl üzünü görmək olar
Məmməd ilə Kolya çəkir planı,
Qoç Ələsgər tez haqlayır qalanı,
Volodyanın açılanda naqanı
Deşib keçir lap döşünü bəylərin.
İsfəndiyar Məmmədindi sağ əli,
Yüksək olur Arşakın hər əməli,
Lap kökündən uçur zülmün təməli,
Atır bu gün xalq daşını bəylərin.
Dəli Qara nərə çəkir nər kimi,
Qoç Hambarsum güllə atır ər kimi,
Noxtalayıb düşmənləri xər kimi
Cilovlayır on beşini bəylərin.
Yapon Tapdıq baxmır hərzə-hədyana,
Mərd Hüseyn aman vermir düşmana.
Babayan da güllə səpir hər yana,
Nəbi tökür göz yaşını bəylərin.
31 mart soyqırımından sonra Gəncə-Goranboy tərəfdə yerli camaatın əsir götürdüyü erməniləri azad etmək üçün neçə dəfə silahlı hücum edir, ondan sonra kəndlilər üzərində "patron vergisi " qoyur. Vergini verməyən kəndlilərin əllərindən olanın qalanın alırdı.
Cümhuriyyətin naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirən Qatır Məmməd bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozub.
Qatır Məmməd ölkənin paytaxtı ilə Qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Qeyd edim ki, Qatır Məmməd filminin çəkilməsinin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazıblar. Ssenariyə quruluş vermək öncə Hüseyn Seyidzadəyə həvalə edilir. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridə kəm-kəsir olduğunu deyir və onları düzəltmək üçün hərəkətə keçir. Düz bir il ssenari üzərində işləyir. Film istehsalata buraxılandan sonra isə müəlliflər Hüseyn Seyidzadənin süjeti tamam dəyişdiyini deyirlər. Ancaq Moskvadakı Mərkəzi Bədii Şura son anda filmin nümayişinə qəti qadağa qoyur və ekran işinin yenidən çəkilməsinə göstəriş verir. Beləliklə, "Qatır Məmməd" Hüseyn Seyidzadədən alınır. Çünki rejissor əsla xalqın qanına susamış şəxs haqqında “qəhrəman” obrazı yaratmaq istəmirdi. Sonda isə film çəkilir...
Qatır Məmməd bu xalqın düşməni olub, Stepan Şaumyan və 26 Bakı Komissarına xidmət edib. Azərbaycan Cümhuriyyətinin əsas düşmənlərindən biri olaraq gənc dövlətin yıxılması üçün əlindən gələni edib.
Yazıda Ədalət Tahirzadənin fotolarından istifadə edilib və bəzi adlar onun araşdırmasından götürülüb..
Zaur Əliyev, dosent