Dünyanın diqqət mərkəzi dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində idi. Rusiya - Ukrayna arasında müharibəyə həsr olunan konfrans ilk dəfə idi ki bu qədər geniş formatda təşkil olunmuşdu. Konfransdan ciddi nəticələr gözlənilməsə də, gələcəkdə liderlərin iştirakı ilə baş tutulması istisna edilməyən Böyük Toplantı dan əvvəl hazırlıq mərhələsi kimi də başa düşmək olar.
Dünya praktikasından da, məlumdur ki, adətən sülh müqavilələri müharibələrdən sonra imzalanır və gələcək dünya siyasətində güc balansı qalib dövlətlər arasında həll edilir. Məlum məsələdir ki, əgər məqsəd doğrudan da müharibənin dayandırılması olsaydı, o zaman müharibənin hər iki iştirakçıları konfransda iştirak edərdilər. Ona görə, həftəsonu 2 gün davam edən Ciddə görüşünü daha çox Ukraynanın "neytral cənubu və şərqi" öz tərəfinə çəkmək cəhdi kimi başa düşmək olar.
Ciddədə əsas diqqətlər Çinin baxış bucağı üzərində idi. İyun ayında Danimarkada Ukrayna mövzusuna həsr olunmuş konfransa dəvətdən imtina edən Pekin Səuditlərin təklifinə dəstək verərək müharibənin dayandırılmasında maraqlı olduqlarını göstərmiş oldular. Məlumdur ki, sülh planı ilə bağlı ilk dəfə çinlilər çıxış ediblər. Lakin, qərbin Çinə arbitr rolu verməyəcəyindən onların özlərinə də yaxşı məlumdur ki bu kimi konfranslar daha çox neytral bölgələrdə keçiriləcək. Beləliklə, Pekin görüş zamanı 2023 -cü ilin fevral ayında təqdim etdiyi sülh planını bir qədər yeniləyərək 12 bəndli təklifini konfrans iştirakçılarına təqdim edib.
Səudiyyə Ərəbistanı isə, ev sahibi kimi bir neçə digər dövlətlərlə birgə müharibənin dayandırılması ilə bağlı aşağıdakı təklifləri irəli sürüb:
- Ukraynanın ərazi bütövlüyünün təmini.
- Bütün cəbhələrdə atəşin dayandırılması.
- BMT bayrağı altında danışıqların başlanması.
- Hərbi əsirlərin dəyişdirilməsi.
Bu və digər şəkildə Ciddə təkliflərində ərazi bütövlüyü prinsipinin birinci prinsip olması qəbul edildi. Bundan əvvəl Pekin tərəfindən təqdim olunan sülh planında da sərhəd toxunulmazlığı və ərazi bütovlüyü qeyd edilirdi. Buna görə də, Kiyev üçün bu təkliflər məqbul sayılır. Lakin, məsələnin qəliz tərəfi başqadır. Bütün cəbhələrdə atəşin dayandırılması və daha sonra sülh danışıqlarının başlanılması nə qədər vaxt çəkəcək? Danışıqlarda Rusiya və Ukrayna konsensus əldə edə biləcəklər ni? Görünən odur ki, ilin əvvəli sülh konfranslarından əvvəl hərb cəbhəsində üstünlük qazanaraq danışıqlara getmək istəyən hər iki tərəf, hal - hazırda 8 ayın yekunu olaraq döyüş meydanında elə bir ciddi fərqin olmadığı reallığı qarşısında pərdəarxasında danışıqlarla məşqul olaraq vəziyyətdən çıxış yolu axtarmaqdadır.
Zaur Məmmədov-politoloq